MİLLİ MƏCLİSDƏ QƏBUL
Aprelin 9-da Milli Məclisin sədri Murtuz Ələsgərov ölkəmizdə səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin sədri, Litvanın xarici işlər naziri Antanas Valionisi və onu müşayiət edən şəxsləri qəbul etmişdir.
Murtuz Ələsgərov qonaqları səmimiyyətlə salamlayaraq dedi ki, Azərbaycan Avropa Şurasına qəbul olunduqdan sonra ölkəmizin parlamenti bu beynəlxalq təşkilat qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi üçün böyük iş görmüşdür. Parlamentin sədri bu öhdəlikləri şərti olaraq üç qrupa - Avropa konvensiyalarına qoşulmaq və onların ratifikasiyası, konstitusiya islahatlarının aparılması və konstitusiya qanunlarının və adi qanunların qəbul olunması - bölərək bildirdi ki, Milli Məclisdə bütün bu istiqamətlərdə qanun yaradıcılığı prosesi davam edir.
Milli Məclisin sədri Azərbaycanın Avropa konvensiyalarına qoşulması məsələsindən ətraflı danışaraq vurğuladı ki, insan hüquqları haqqında, məhkum olunmuş şəxslərin verilməsi (ekstradisiyası) haqqında, milli azlıqların hüquqlarının qorunması haqqında konvensiyalar artıq ratifikasiya edilmişdir və bunlar ölkəmiz üçün önəmlidir.
Murtuz Ələsgərov konstitusiya qanunlarının qəbul olunması məsələsinə toxunaraq bildirdi ki, bu qanunların layihələrini Avropa Şurasının Venesiya komissiyası da nəzərdən keçirmişdir. Bu təşkilatın ekspertləri tərəfindən bəyənilmiş ombudsman haqqında, vətəndaşların Konstitusiya Məhkəməsinə birbaşa müraciəti haqqında konstitusiya qanunları hüquq sisteminin təkmilləşdirilməsində mühüm sənədlərdir. Parlamentin səlahiyyətlərinin genişləndirilməsi haqqında Avropa Şurasının tövsiyəsi ilə hazırlanmış konstitusiya qanunu da Venesiya komissiyasına baxılmağa verilmişdir.
Avropa Şurası Nazirlər Komitəsinin sədrinə adi qanunların Avropa normalarına uyğunlaşdırılması sahəsində Azərbaycan parlamentinin qanun yaradıcılığı fəaliyyəti barədə də məlumat verildi.
Antanas Valionis səmimi qəbula və müfəssəl məlumata görə təşəkkür edərək dedi ki, Avropa Şurası Azərbaycan rəhbərliyinin cəmiyyətin demokratikləşdirilməsi yolunda səylərini alqışlayır. O, nazirlərlə keçirdiyi görüşlər barədə də Milli Məclisin sədrinə məlumat verərək qeyd etdi ki, Azərbaycan iqtisadiyyatın inkişafı üçün çox böyük ehtiyatlara malikdir.
Avropa Şurası Nazirlər Komitəsinin sədri Dağlıq Qarabağ münaqişənin dincliklə nizama salınması məsələsinə toxunaraq vurğuladı ki, bu problemin tezliklə həlli regionda sülhün və təhlükəsizliyin bərqərar edilməsinə yaxşı şərait yaradar. Ona görə də Avropa Şurasının Nazirlər Komitəsi münaqişənin dincliklə aradan qaldırılması üçün səy göstərəcəkdir.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına aid məsələlər barədə də fikir mübadiləsi aparıldı.