MİLLİ MƏCLİSİN DEPUTATLARI DAĞIDICI MÜXALİFƏTİN ŞƏR-BÖHTAN KAMPANİYASINI QƏTİYYƏTLƏ PİSLƏYİRLƏR
Deputat İsmayıl Ömərov demişdir ki, hazırda tətildə olan həmkarlarımızın böyük əksəriyyəti seçiciləri ilə görüşür, onların problemlərinin həllinə calışır, prezident seçkilərinin demokratik və şəffaf keçirilməsinin təmin edilməsi üçün tədbirlər görürlər. Seçkilər yaxınlaşdıqca, uduzacağını daha çox dərk edən müxalifət öz nəzarətində olan mətbuat vasitəsilə Azərbaycan xalqının yeganə və əvəzsiz lideri Heydər Əliyev haqqında qeyri-etik, həqiqətə uyğun olmayan yazılara rəvac verir. Bu isə seçiciləri hiddətləndirir. Onlar parlamentdəki təmsilçilərindən insanlığa yaraşmayan belə hərəkətlərə cavab verilməsini tələb edirlər.
Deputatlar Rizvan Cəbiyev, Bəxtiyar Sadıqov, İbrahim İsayev, Şahlar Əsgərov, Eldar İbrahimov, Novruz Quliyev və başqaları çıxışlarında demişlər ki, özlərini demokratik müxalifət adlandıran bir qrup siyasətbaz nəinki nəzarətlərində olan qəzetlərin, hətta xarcdəki himayədarlarının və onların ruporları olan KİV-ləri də böhtan kampaniyasına qoşurlar. Bu da Azərbaycan dövlətini, onun şəksiz lideri Heydər Əliyevi sevənlərin haqlı narazılığına səbəb olur.
Natiqlər böhtan və şər kampaniyasına layiqli cavab verilməsi ilə bağlı seçicilərinin tələbini nəzərə alaraq, əlaqədar səlahiyyətli orqanlardan ölkədə qarşıdurma, süni narazılıq yaratmaq istəyən şəxslər haqqında qanun çərçivəsində tədbir görməyi tələb etmişlər.
Sonra deputatlar adından bəyanat qəbul olunmuşdur.
SABİTLİYİ POZMAQ, SEÇKİLƏRİN NORMAL GEDİŞİNƏ
MANEÇİLİK TÖRƏTMƏK, XAOS, ANARXİYA YARATMAQ
XÜLYASI HEÇ ZAMAN BAŞ TUTMAYACAQ
MİLLİ MƏCLİSİN BİR QRUP DEPUTATININ
BƏYANATI
Xalqımız milli dövlətçiliyimizin həyatında mühüm hadisə olan 15 oktyabr prezident seçkilərinə hazırlaşır. Onu yüksək səviyyədə, tam demokratik prinsiplər əsasında keçirmək üçün respublikamızda beynəlxalq normalara cavab verən zəruri hüquqi baza yaradılmışdır. Ölkəmizdə bərqərar olmuş möhkəm ictimai-siyasi sabitlik, uğurlu hüquqi, demokratik dövlət quruculuğu prosesi prezident seçkilərinin beynəlxalq standartlar səviyyəsində, açıq, şəffaf və ədalətli keçirilməsinə ən yaxşı təminatdır.
Nüfuzlu beynəlxalq təşkilatlar, ekspertlər də Azərbaycanın prezident seçkilərinə ciddi hazırlaşdığını, bunun üçün gərəkli olan hüquqi və təşkilati proseslərin uğurla getdiyini qeyd edirlər.
Prezidenti xalq seçir və ölkənin, dövlətin taleyini xalq istədiyi milli liderinə etibar edir.
Xalq isə öz sınanmış liderini yaxşı tanıyır. Heydər Əliyev - Xalq birliyinə heç bir xain qüvvə kölgə sala bilməz.
Heç vaxt xalqla olmayan, onun dəstəyindən, etibarından məhrum bəzi üzdəniraq siyasətbazlar son vaxtlar öz təsirlərində olan mətbuat orqanları vasitəsilə aranı qarışdırmağa, sabitliyi pozmağa, seçki ərəfəsində qarşıdurma yaratmağa can atırlar. İsa Qəmbər, Əli Kərimov, Rəsul Quliyev, Etibar Məmmədov və bunlara bənzər liderciklər artıq xeyli müddətdir ki, şər, böhtan kampaniyasına başlayıb, milli-mənəvi dəyərlərimizə daban-dabana zidd olan təhqiramiz ifadələr işlədir, əxlaqsızlıq edir, özlərinin çürük mənəviyyatı ilə cəmiyyətin, bütün sağlam düşüncəli insanların qəzəb və nifrətinə səbəb olurlar.
Möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin səhhəti ilə bağlı məhz onların təhriki ilə “Yeni Müsavat”, “Azadlıq”, “Hürriyyət” və sair bulvar qəzetlərində dərc olunan yalan və uydurmalar, şər və qarayaxmalar ölkəmizin bütün namuslu vətəndaşları kimi, bizi də hiddətləndirir.
Belə antimilli, qeyri-əxlaqi, yaramaz hərəkətlərin təhrikçiləri hədsiz nifrət doğurur.
Seçkilərdəki məğlubiyyətlərini əvvəlcədən bilib belə rəzil hərəkətlərə əl atmaq onların nə qədər cılız, nüfuzsuz və hörmətsiz olduğunun göstəricisidir. Xalqdan uzaq olan bu adamlar yalnız xaricdəki düşmən qüvvələrə arxalanaraq, milli dövlətçiliyimizə qarşı təxribata keçiblər.
Ərazimizin 20 faizinin erməni işğalına məruz qalmasında birbaşa məsuliyyət daşıyan bu milli dönüklər indi də torpaqlarımızın sülh yolu ilə qaytarılmasının reallaşdığı bir vaxtda hər vasitə ilə buna əngəl olmağa çalışırlar.
Bir vətəndaş, Milli Məclisin deputatları kimi bildiririk ki, biz bütün bu antimilli hərəkətləri qətiyyətlə pisləyir və bəyan edirik ki, çox gərgin əziyyətlər bahasına yaradılmış sabitliyi pozmaq, seçkilərin normal gedişinə maneçilik törətmək, xaos, anarxiya yaratmaq xülyası baş tutmayacaqdır. Azərbaycan xalqı buna heç zaman yol verməyəcəkdir.
İlqar Qılıcov, Bəxtiyar Əliyev, Zahid Qaralov
İsmayıl Ömərov, Bəxtiyar Sadıqov, Vaqif Abdullayev,
Şahlar Əsgərov, Səttar Səfərov, Eldar İbrahimov,
Xanhüseyn Kazımlı, Nizami Əhmədov, İbrahim İsayev
Fəttah Heydərov, Famil Məmmədov, Hidayət Qulamov,
Miri Qəmbərov, Novruz Quliyev, Elbrus Təhməzov,
Kərəm Əliyev, Rəfael Qafarov, Mikayıl Mirzə
Gülmət Pirmətov, Rizvan Cəbiyev, Hüseynağa Baxışov,
Anar Axundzadə
Bakı şəhəri, 25 iyul 2003-cü il.