MİLLİ MƏCLİSİN İCLASINDA
Sosial siyasət daimi komissiyası sədrinin müavini Musa Quliyev “Dərman vasitələri haqqında ” Azərbaycan Respublikası qanununun layihəsi barədə məlumat vermişdir. Bildirmişdir ki, bu qanun ölkəmizdə dərman və tibb vasitələri ilə davranışın hüquqi və təşkilati əsaslarını müəyyən edəcək, bu sahədə yaranan münasibətləri tənzimləyəcəkdir. Geniş müzakirələrdən sonra, qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilmişdir.
Günün ikinci yarısında isə “Teatr və teatr fəaliyyəti haqqında” qanun layihəsi müzakirə olunmuşdur. Mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov layihə barədə məlumat verərək bildirmişdir ki, bu qanun teatr tamaşalarının yaradılması və kütləvi nümayişi ilə əlaqədar yaranan münasibətləri tənzimləyəcək, teatr fəaliyyətinin hüquqi əsaslarını və teatrlara dövlət himayəsinin formalarını müəyyənləşdirəcəkdir. Qanun təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq, bütün teatrlara və teatr müəssisələrinə şamil ediləcəkdir.
Deputatların rəy və təklifləri dinlənildikdən sonra layihə birinci oxunuşda qəbul olunmuşdur.