SİYASƏT
MİLLİ MƏCLİSİN İCLASINDA
Milli Məclisin aprelin 9-da keçirilmiş iclası cari məsələlərin müzakirəsi ilə başlanmışdır. Müzakirə zamanı Azərbaycan Parlamentinin AŞPA-dakı nümayəndə heyətinin üzvü deputat Rafael Hüseynov bu təşkilatda Azərbaycana qarşı ikili standartların mövcud olması barədə bəyanatla çıxış etdi. Deputatlar bu yaxınlarda yenidən işlənməyə qaytarılmış Xocalı faciəsi haqqında sənədə dair fikirlərini də bildirdilər. Deputat Cəlal Əliyev dedi ki, öz xalqına xəyanət etmiş Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov və başqaları məsuliyyətə cəlb olunmalıdırlar.
Milli Məclisin sədri Murtuz Ələsgərov deputat Cəlal Əliyevin fikri ilə razılaşaraq dedi ki, Xocalı faciəsinin bütün günahkarlarının adları parlamentin qəbul edəcəyi sənədə daxil olunacaqdır. O, bunu da bildirdi ki, Azərbaycan rəhbərliyi beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi zonasına getmək istəyən bütün nümayəndələri qarşısında şərt qoymuşdur ki, onlar yalnız Azərbaycan ərazisindən keçsinlər.
Sonra deputatlar iclasın gündəliyini təsdiq edərək müzakirəyə başladılar.
Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri Asya Manafovanın məruzəsini dinlədikdən sonra deputatlar Azərbaycan ilə Qazaxıstan arasında 2001-ci ilin noyabrında imzalanmış “Xəzər dənizinin dibinin bölünməsi haqqında” sazişi və havanın böyük məsafələrdə transsərhəd çirkləndirilməsinə dair Konvensiyanı təsdiq etdilər.
Sonra Milli Məclis GÜÖAM-ın üzvü olan dövlətlərin konsulluq məsələlərində qarşılıqlı yardım göstərilməsi haqqında Konvensiyanın müzakirəsinə başladı. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov bu sənədlə əlaqədar çıxışında Konvensiyanın məzmunu və əhəmiyyəti barədə ətraflı məlumat verdi. Deputatlar sənədi səs çoxluğu ilə təsdiqlədilər.
İclasda Azərbaycan Respublikası ilə Litva Respublikası arasında mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında müqaviləni, habelə Azərbaycan Respublikası hökuməti ilə Niderland Krallığı hökuməti arasında gömrük qanunvericiliyinin düzgün tətbiq edilməsi və gömrük hüquqpozmalarının qarşısının alınması, təhqiq ediməsi və onlara qarşı mübarizə aparılması üçün qarşılıqlı inzibati yardım haqqında saziş də təsdiq olundu. Bu sənədlərin məzmunu ilə deputatları hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədr müavini Əli Hüseynov tanış etdi.
Deputatlar saziş və müqavilələri təsdiq etdikdən sonra “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini üçüncü oxunuşda nəzərdən keçirdilər.