MİLLİ MƏCLİSİN KOMİTƏLƏRİ BÜDCƏ LAYİHƏSİNİN MÜZAKİRƏSİNİ BAŞA ÇATDIRMIŞDIR
Bakı, 5 noyabr (AZƏRTAC). Noyabrın 5-də Milli Məclisdə insan hüquqları, hüquq siyasəti və dövlət quruculuğu, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclası keçirilmişdir.
Parlamentin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” qanun layihəsinin və büdcə zərfinə daxil olan digər qanun layihələrinin müzakirə olunacağını bildirmişdir. Komitə sədri demişdir ki, ölkəmizdə gedən sosial-iqtisadi inkişafın davam etdirilməsi baxımından büdcə layihəsi çox düzgün işlənib hazırlanmışdır.
Maliyyə Nazirliyinin büdcə şöbəsinin müdiri Fazil Fərəcov “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” qanun layihəsinin bəzi parametrlərini iclas iştirakçılarının diqqətinə çatdırmışdır. Şöbə müdiri demişdir ki, qanun layihəsi mövcud qanunvericiliyə və ölkənin sosial-iqtisadi inkişaf konsepsiyası strategiyasına uyğun, qlobal maliyyə böhranının dünya iqtisadiyyatına vurduğu mənfi təsirlər və növbəti illərdə gözlənilən meyillər nəzərə alınmaqla hazırlanmışdır. Cari ilin 9 ayında ümumi daxili məhsulun (ÜDM) həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz, adambaşına düşən ümumi məbləğ 4,7 faiz, ölkəmizdə orta aylıq əmək haqqı 15,5 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 12,5 faiz artmışdır. Bu dövrdə əhalinin gəlirləri 9,8 faiz yüksəlmiş, inflyasiyanın səviyyəsi 2,1 faiz olmuşdur. Gəlirlər inflyasiyanı 7,7 faiz üstələmişdir. 2010-cu il üçün dövlət və icmal büdcələrinin layihələri hazırlanarkən dövlət tərəfindən müəyyənləşdirilən strategiyaya uyğun olaraq sosial və investisiya yönümlülüyün təmin edilməsinə, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsinə, ölkəmizin müdafiə potensialının, iqtisadi, enerji, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, sahibkarlığın inkişafına, qəbul edilmiş məqsədli dövlət proqramlarının maliyyələşdirilməsinə xüsusi diqqət yetirilmişdir. Layihənin tərtibi zamanı İqtisadi İnkişaf Nazirliyinin hazırladığı “2010-2013-cü illər üzrə Azərbaycan Respublikasının makroiqtisadi proqnoz göstəriciləri” nəzərə alınmışdır.
F.Fərəcov bildirmişdir ki, 2010-cu ildə dövlət büdcəsinin gəlirlərinin 10 milyard 15 milyon manat, xərclərinin isə 11 milyard 264 milyon manat olacağı proqnozlaşdırılır. “Azərbaycan Respublikasının 2010-cu il icmal büdcəsi”nin gəlirlərinin 11 milyard 885 milyon manat, xərclərinin isə 12 milyard 616 milyon manat olacağı gözlənilir. Ölkəmizin beynəlxalq aləmdə nufuzunun artması ilə bağlı təşkil olunacaq beynəlxalq səviyyəli siyasi, iqtisadi, mədəni, idman və digər tədbirlərdə iştirakla əlaqədar maliyyə təminatı büdcə layihəsində öz əksini tapmışdır.
F.Fərəcov demişdir ki, ölkəmizdə keçiriləcək beynəlxalq tədbirlərin maliyyələşdirilməsi üçün 15,2 milyon manatın ayrılması planlaşdırılır. 2010-cu ilin icmal büdcəsi layihəsinə daxil olan Naxçıvan Muxtar Respublikasının büdcəsi 265,5 milyon manat nəzərdə tutulmuşdur.
Xarici işlər nazirinin müavini Vaqif Sadıqov beynəlxalq əlaqələrin genişləndirilməsi və diplomatik xidmətlə əlaqədar büdcə layihəsində göstərilən bəzi müddəalar haqqında danışmışdır. O, demişdir ki, son beş ildə Azərbaycanın xarici ölkələrdəki səfirlik və nümayəndəliklərinin sayı təxminən 3 dəfə artmışdır. Hazırda ölkəmizin xaricdə 65 diplomatik nümayəndəliyi, o cümlədən 50 səfirliyi fəaliyyət göstərir. Xorvatiyada, Argentinada, Tailandda, Omanda, Liviyada, Livanda, Estoniyada və Serbiyada səfirliklərin təsis edilməsi barədə artıq qanun qəbul edilmişdir. Növbəti ildən başlayaraq bu səfirliklərin fəaliyyətinin həyata keçirilməsi üçün tədbirlər görüləcəkdir. Bu məsələlərin həll olunması üçün 2010-cu ilin büdcə layihəsində 51 milyon manat vəsait nəzərdə tutulmuşdur.
Sonra Milli Məclisin deputatları, hökumət nümayəndələri qanun layihəsi ilə bağlı fikirlərini bildirmişlər. Vurğulanmışdır ki, layihə iqtisadiyyatın sabit inkişafı baxımından çox düzgün proqnozlaşdırılmışdır. Büdcə layihəsində neftin 1 barrelinin 45 dollardan hesablanması müsbət amil kimi qiymətləndirilmişdir.
2010-cu ilin dövlət büdcəsi layihəsinə düzəlişlərlə bağlı bəzi təkliflər də səsləndirilmişdir.
Müzakirələrdən sonra 2010-cu ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan digər qanun layihələri təsdiqlənmək üçün Milli Məclisin iclasında müzakirəyə tövsiyə olunmuşdur.
Bununla da, “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər qanun layihələrinin Milli Məclisin komitələri tərəfindən müzakirəsi başa çatdırılmışdır.
Qanun layihələri parlamentin gələn həftə keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaqdır.