MİLLİ MƏCLİSİN NÜMAYƏNDƏ HEYƏTİ RUSİYA DÖVLƏT DUMASININ YUBİLEY TƏDBİRLƏRİNDƏ İŞTİRAK EDƏCƏKDİR
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatları və parlamentin məsul işçiləri daxildirlər.
Milli Məclisin mətbuat xidmətindən bildirilmişdir ki, aprelin 27-də Dövlət Dumasının təsis olunmasının 100 illiyinə həsr olunmuş memorial lövhənin və sərginin açılışından sonra Dövlət Dumasının təntənəli iclası keçiriləcəkdir. Bir sıra ölkələrin parlament sədrlərinin iştirak edəcəyi bu iclasda Milli Məclisin sədri Oqtay Əsədov çıxış edəcəkdir.
Milli Məclisin sədri MDB Parlamentlərarası Assambleyası Şurasının iclasında da iştirak edəcəkdir.
Nümayəndə heyətimizin üzvləri aprelin 28-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirə barelyefini ziyarət edəcək, abidənin önünə əklil qoyacaqlar.
Həmin gün nümayəndə heyətimiz “Dövlət Dumasının 100 illiyi və Avropa parlamentarizmi: tarix və müasirlik” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak edəcəkdir. Tədbirdə demokratik seçkilərin beynəlxalq standartları, yeni təhlükələrə qarşı mübarizədə Avropa parlamentarizminin rolu və digər mövzularda müzakirələr aparılacaqdır. Konfransın sonunda yekun sənədi qəbul olunacaqdır.
Səfər müddətində parlamentimizin rəhbərinin Avropa Şurası Parlament Assambleyasının sədri Rene van der Linden, Dövlət Dumasının sədri Boris Qrızlov, Federal Məclisin Federasiya Şurasının sədri Sergey Mironov və Gürcüstan Parlamentinin sədri Nino Burcanadze ilə görüşləri də nəzərdə tutulmuşdur.
Parlament nümayəndə heyətinin səfəri aprelin 29-da başa çatacaqdır.