SİYASƏT
MİLLİ MƏCLİSİN NÜMAYƏNDƏ HEYƏTİNİN ÇİN XALQ RESPUBLİKASINA RƏSMİ SƏFƏRİ
Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Murtuz Ələsgərovun başçılıq etdiyi parlament nümayəndə heyəti Çin Xalq Respublikasında rəsmi səfərdədir.
Səfər zamanı Ümumçin Xalq Nümayəndələri Məclisində görüşlərin keçirilməsi və deputatlarımızın Sülh Naminə Asiya Parlamentlərarası Assosiasiyasının III Baş assambleyasında iştirakı nəzərdə tutulmuşdur.
Pekin hava limanında nümayəndə heyətini Çin parlamentinin Azərbaycanla əlaqələr üzrə komissiyası sədrinin müavini, elm, təhsil, mədəniyyət və səhiyyə məsələləri üzrə komissiyanın üzvü cənab Lü Bin, Ümumçin Xalq Nümayəndələri Məclisi Aparatının Xarici əlaqələr idarəsinin rəhbəri cənab Tsay Linsyan, Azərbaycanın Çin Xalq Respublikasındakı müvəqqəti işlər vəkili Zakir Haşımov və Pekində təhsil alan azərbaycanlı tələbələr qarşılamışlar.
Aprelin 14-də Milli Məclisin sədri Murtuz Ələsgərovun başçılığı ilə parlament nümayəndə heyəti Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədri Li Penlə görüşmüşdür. Milli Məclisin sədri ölkələrimiz arasında əlaqələrin qədim tarixə malik olduğunu xatırladaraq, respublikamızın Çinlə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verdiyini, 1994-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyevin Çinə rəsmi səfəri zamanı aparılan danışıqların və imzalanmış sənədlərin qarşılıqlı münasibətlərdə yeni mərhələ açdığını bildirmişdir.
Parlamentin sədri ölkəmizin ali qanunvericilik orqanının rəhbəri kimi 1996-cı ildə xaricə ilk səfərinin məhz Çin Xalq Respublikasına olduğunu vurğulamış, Çin parlamentinin sədri cənab Li Penin 2000-ci ildə Azərbaycana səfərini ölkələrimiz arasında əməkdaşlığın inkişafı baxımından müsbət qiymətləndirmişdir.
Respublikamızda aparılan islahatlardan, iqtisadiyyatda əldə edilmiş nailiyyətlərdən, dövlətimizin daxili və xarici siyasətindən söhbət açan Murtuz Ələsgərov demişdir ki, Dağlıq Qarabağ problemi, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı, bir milyondan çox qaçqının olması təkcə ölkəmizdə deyil, bütünlükdə regionda gedən proseslərə öz təsirini göstərir. Milli Məclisin sədri bildirmişdir ki, bununla belə, Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə və ədalətli həllinə tərəfdardır.
Çin parlamentinin sədri iki il bundan əvvəl Azərbaycana etdiyi səfəri məmnunluqla xatırlayaraq, ona göstərilən diqqətə görə bir daha təşəkkürünü bildirmiş, Çin Xalq Respublikasının Bakıdakı səfirliyi binasının təməlinin qoyulmasında Prezident Heydər Əliyevin şəxsən iştirak etməsini xüsusi olaraq vurğulamışdır.
Daha sonra cənab Li Pen Sülh Naminə Asiya Parlamentlərarası Assosiasiyasının III Baş assambleyası haqqında ətraflı məlumat vermişdir.