MİLLİ MƏCLİSİN SƏDRİ OQTAY ƏSƏDOV SANKT-PETERBURQA SƏFƏRDƏN QAYITMIŞDIR
Azərbaycan parlamentinin sədri Dumanın yubiley iclasında çıxış etmiş, azərbaycanlı deputatların Dövlət Dumasındakı fəaliyyətindən danışmışdır. Milli Məclis sədrinin çıxışı maraqla qarşılanmışdır.
Səfər çərçivəsində O.Əsədov Dövlət Dumasının, Federasiya Şurasının sədrləri, Avropa Şurası Parlament Assambleyasının sədri Rene van der Linden ilə də görüşmüşdür. Bu görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, parlamentlərarası münasibətlərin genişləndirilməsi və digər məsələlər müzakirə olunmuşdur.
Rene van der Lindenlə görüşdə mayın 13-də Milli Məclisə keçiriləcək təkrar seçkilər məsələsi daha geniş müzakirə olunmuşdur. Linden bu seçkilərin tam demokratik və şəffaf keçiriləcəyinə inandığını diqqətə çatdırmışdır.
O.Əsədov onu da bildirmişdir ki, mayın 3-dən sonra Avropa Şurasının 20 nəfər müşahidəçisi Azərbaycana gələcəkdir. O.Əsədov Lindeni Azərbaycana dəvət etdiyini və bu səfərin seçkilərdən sonra baş tutacağına inandığını söyləmişdir.
Milli Məclis sədri demişdir ki, Federasiya Şurasının sədri Sergey Mironovla görüşdə MDB ölkələrinin monitorinq təsisatının yaradılması məsələsi yenidən müzakirə olunmuşdur. Tərəflər bununla bağlı işçi qrupun yaradılması barədə razılıq əldə etmişlər.
O.Əsədovun sözlərinə görə, lazım gələrsə, Bakıda belə bir təsisatın filialı yaradılacaqdır.
O.Əsədovu hava limanında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılamışlar.