“MİLLİ MÜDRİKLİYİN HEYDƏR ƏLİYEV ZİRVƏSİ” MÖVZUSUNDA ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLMİŞDİR
İştirakçılar, əvvəlcə, Fəxri xiyabana gələrək, ulu öndərimiz Heydər Əliyevin məzarını ziyarət etmişlər. Dahi rəhbərimizin abidəsi önünə əklil qoyub, işıqlı xatirəsi qarşısında baş əymişlər. Tanınmış oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə gül-çiçək düzdülər.
Ümummilli liderimiz Heydər Əliyevin işıqlı xatirəsi birdəqiqəlik sükutla yad edildikdən sonra mərasimi açan kollecin direktoru Heydər Hüseynov konfransın mahiyyətindən danışaraq demişdir ki, xalqımız müdrik oğlunun əziz xatirəsini daim uca tutacaqdır.
Məşvərət Məclisinin sədri Məmməd Əlizadə ulu öndərimizin xilaskarlıq missiyasından bəhs edərək vurğulamışdır ki, Heydər Əliyev siyası fəaliyyətinin bütün dövrlərində Azərbaycanın işıqlı gələcəyi naminə müdrik addımlar atmışdır.
Çıxış edənlər bildirmişlər ki, Azərbaycanın dövlət müstəqilliyi ulu öndərimiz Heydər Əliyevin həmişəyaşar adı ilə bağlıdır. Dahi rəhbərimiz tərəfindən təməli möhkəm sütunlar üzərində qoyulan müstəqilliyimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə günbəgün möhkəmlənir, dövlətimiz qüdrətlənir, xalqımızın rifahı yaxşılaşır, ölkəmiz getdikcə çiçəklənir. Dahi rəbərimizin irsi bundan sonra da dərindən öyrənilməli və gələcək nəsillərə çatdırılmalıdır.
Məlumat verilmişdir ki, Məşvərət Məclisi bu mövzuda elmi-nəzəri konfransları ulu öndərimizin doğum gününə qədər müxtəlif müəssisə və təşkilatlarda, təhsil ocaqlarında keçirəcəkdir.