CƏMİYYƏT
Milli Onkologiya Mərkəzi Pirallahıda səyyar qəbul keçirmişdir
Bakı, 26 may (AZƏRTAC). Mayın 26-da Milli Onkologiya Mərkəzinin yüksək ixtisaslı həkimləri və mütəxəssislərindən ibarət səyyar briqadası Bakının Pirallahı rayonunun sakinlərini qəbul etmişdir.
Pirallahı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, səyyar qəbul çox yüksək səviyyədə təşkil edilmişdir. Rayon icra hakimiyyətinin səyləri ilə tibb işçilərinin xalqımıza hərtərəfli və səmərəli xidmət göstərməsi üçün hər cür şərait yaradılmışdır. Səyyar Diaqnostika Kompleksi iki avtomaşına yerləşdirilmiş rentgen aparatı, ginekologiya, mammoqrafiya və ultrasəs kabinetləri, digər tibbi aparatlar və cihazlardan ibarətdir. Pirallahı rayonu zəhmətkeşlərinin xidmətinə 14 nəfərdən ibarət yüksək ixtisaslı həkim-onkoloqlardan ibarət briqada gəlmişdir. Bir mammoloq-həkim, baş-boyun şişləri mütəxəssisi, iki onkoloq, bir abdominal cərrah və digər ixtisas sahibləri profilaktik müayinəni yüksək peşəkarlıqla həyata keçirirlər.
Sakinlərin qəbuluna və müayinəsinə rəhbərlik edən respublikanın baş onkoloqu, tibb üzrə fəlsəfə doktoru Azad Kərimli demişdir ki, bu cür səyyar profilaktik müayinələrin məqsədi şiş xəstəliklərinin, o cümlədən xərçəng və xərçəng önü xəstəliklərin vaxtında aşkar edilib müalicəyə cəlb olunmasıdır. Baş onkoloq vurğulamışdır ki, xərçəng xəstəlikləri vaxtında aşkar olunarsa, yerləşməsindən asılı olmayaraq, yüz faiz sağalmaya nail olmaq mümkündür və bu işdə Səyyar Diaqnostika Kompleksinin rolu əvəzsizdir.
Günorta saat 1-dək artıq 300 nəfər müayinədən keçmişdir. Lakin müayinə olunmaq arzusunda olanlar hələ də qalmaqdadır. Həkimlər bildirirlər ki, ehtiyac yarandığı təqdirdə onlar axşam saatlarınadək müayinəni davam etdirəcəklər.
Pirallahıda səyyar diaqnostik müayinə mayın 27-də də həyata keçiriləcəkdir.