MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNDƏ GÖRÜŞ
Nazir Eldar Mahmudov Azərbaycanın Türkiyə ilə münasibətlərə böyük önəm verdiyini söyləmiş, ölkəmizdə təhlükəsizliyin təmin olunması, sabitliyin qorunması, cinayətkarlıqla, onun təhlükəli forma və təzahürləri ilə mübarizə sahəsində Milli Təhlükəsizlik Nazirliyinin gördüyü işlər barədə danışmışdır.
General-leytenant Eldar Mahmudov beynəlxalq terrorçu təşkilatlarla sıx əlaqələri olan mütəşəkkil transmilli cinayətkar qrupların zərərsizləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri, eləcə də antiterror koalisiyasının fəal üzvlərindən biri kimi Azərbaycanın dönməz və ardıcıl mövqeyini diqqətə çatdırmışdır. Nazir regiondakı kriminogen şərait, ona təsir göstərən amillər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, nəzarət olunmayan ərazilərin doğurduğu fəsadlar, qanunsuz miqrasiya, narkotrafik və digər məsələlər, habelə bununla əlaqədar görülən adekvat tədbirlər barədə geniş məlumat vermişdir. Eldar Mahmudov Azərbaycan və Türkiyənin müvafiq qurumları arasında informasiya və təcrübə mübadiləsinin, habelə hər iki dövlətin terrorçuluqla mübarizə sahəsində əməkdaşlığının daha da gücləndirilməsinin vacibliyini vurğulamışdır.
Səmimi və mehriban qarşılandığına, ətraflı məlumata görə təşəkkürünü çatdıran qonaq, qardaş Azərbaycana səfərindən xoş təəssürat aldığını qeyd etmişdir. Cənab Əbdülqədir Aksu bu cür görüşlərin transmilli cinayətkarlıqla, o cümlədən beynəlxalq terrorçuluqla mübarizə işində və hər iki dövlətin müvafiq strukturları arasında əməkdaşlıq əlaqələrinin inkişaf perspektivlərinin müəyyənləşdirilməsində xüsusi əhəmiyyət daşıdığını söyləmişdir. Türkiyəli qonaq öz ölkəsi tərəfindən beynəlxalq terrorçuluğa, ekstremizmə, mütəşəkkil cinayətkarlığın müxtəlif təzahürlərinə, narkotik qaçaqmalçılığı və qanunsuz miqrasiya problemləri ilə bağlı görülən işlərə dair məlumat vermişdir.
Cənab Əbdülqədir Aksu Azərbaycan və Türkiyə münasibətlərinin indiki səviyyəsindən böyük məmnunluq hissi duyduğunu, ölkələrimiz arasındakı dostluq və tərəfdaşlıq əlaqələrinin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.