MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNDƏ TƏNTƏNƏLİ YIĞINCAQ
Martın 28-də Milli Təhlükəsizlik Nazirliyində respublikamızda təhlükəsizlik orqanları yaradılmasının 83-cü ildönümü münasibətilə təntənəli yığıncaq keçirilmişdir.
Yığıncağı milli təhlükəsizlik naziri, general-polkovnik Namiq Abbasov giriş sözü ilə açdı. O, milli təhlükəsizlik orqanları yaradılmasının ildönümü münasibətilə nazirliyin şəxsi heyətini təbrik etdi.
Azərbaycan Respublikasının dövlət himni səsləndi.
Ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatını qurban vermiş əməkdaşların xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Təntənəli yığıncaqda milli təhlükəsizlik nazirinin müavini, general-mayov Tofiq Babayev məruzə etdi. O dedi ki, tarixi 1919-cu il martın 28-dən başlayan ölkəmizin xüsusi xidmət orqanları ötən müddətdə mürəkkəb, eyni zamanda şərəfli yol keçmişdir. Azərbaycan təzədən müstəqilliyinə qovuşduqdan sonra bu orqanların fəaliyyətinin yeni bir dövrü başlanmışdır. Heydər Əliyev məktəbinin ənənələrini davam etdirən MTN öz üzərinə düşən vəzifələri şərəflə yerinə yetirərək ölkəmizin suverenliyinin, xarici və daxili təhlükəsizliyinin qorunmasında, respublikamızın sabit və dinamik inkişafında mühüm rol oynamışdır.
Natiq xatırlatdı ki, müstəqillik illərindən hələ bir qədər əvvəl xalqımız dəfələrlə terror və təxribat hadisələri ilə üzləşmişdir. Azərbaycan xalqı ilk terrora hələ XX əsrin əvvəllərində ermənilərin törətdikləri soyqırım zamanı məruz qalmışdır. Sovet dövründə isə bu terror Azərbaycanın təhlükəsizlik orqanlarına soxulmuş ermənilər tərəfindən kütləvi repressiyalar formasında davam etdirilmişdir. Növbəti mərhələ isə Dağlıq Qarabağ münaqişəsi dövrünə aiddir. O vaxtdan etibarən Azərbaycanın xüsusi xidmət orqanları erməni terrorizminə qarşı mübarizənin ön cəbhəsindədir. Ermənistanın xüsusi xidmət orqanlarının ölkəmizdə törətdikləri terror aksiyaları və bunların ağır nəticələri barədə konkret faktlar gətirən nazir müavini xatırlatdı ki, nazirliyin apardığı gərgin əməliyyat-ağtarış tədbirləri sayəsində bu aksiyaların iştirakçılarının çoxu həbs olunmuş və onlar layiq olduqları cəzaya məhkum edilmişlər.
Məruzəçi bildirdi ki, beynəlxalq erməni terror təşkilatları indinin özündə də Yuxarı Qarabağ ərazisində fəaliyyətlərini davam etdirirlər. Eyni zamanda, terrorçular Dağlıq Qarabağın Apərbaycan torpağı olduğunu və bu münaqişənin perspektivsizliyini dərk edən erməni əhalisini də vahimə içərisində saxlayır, real düşünən insanlara qarşı terror aksiyaları həyata keçirirlər. Dağlıq Qarabağdakı separatçı rejimi dəstəkləyən terrorçu təşkilatlar bütünlükdə Qafqaz regionu üçün təhlükə mənbəyidir. Bu terrorçu təşkilatlar öz maliyyə problemlərini narkobiznesdən götürülən gəlir vasitəsilə təmin edirlər. Azərbaycanın parlamentinin AŞPA-dakı nümayəndə heyətinin başçısı, Milli Məclisin deputatı İlham Əliyevin Avropa Şurasının mötəbər kürsüsündən bəyan etdiyi kimi, Qarabağ və Azərbaycanın işğal olunmuş digər əraziləri cinayətkar ünsürlər üçün narkobiznes və silah qacaqmalçılığı məskəni olmuşdur. Bu faktlar ABŞ Dövlət Departamentinin yaydığı sənədlərdə də öz əksini tapmışdır.
Natiq vurğuladı ki, dünyada baş verən son terror hadisələri göstərir ki, yalnız Azərbaycanda deyil, dünyanın sivil dövlətlərində də belə meyllər mövcuddur. Təhlükələrin oxşarlığı və eyniliyi Milli Təhlükəsizlik Nazirliyinin xarici dövlətlərin xüsusi xidmət orqanları ilə iki və çoxtərəfli əlaqələrinə zəmin yaradır. Terrorizmə və transmilli cinayətkarlığın digər formalarına qarşı mübarizə sahəsində nazirlik 22 ölkənin 28 xüsusi vidmət orqanı ilə səmərəli əməkdaşlıq edir.
Məruzəçi dedi ki, Milli Təhlükəsizlik nazirliyinin əməkdaşları ölkəmizdə sabitliyin, əmin-amanlığın qorunub saxlanması üçün bundan sonra da bütün qüvvəsini sərf edəcək, xarici və daxili qüvvələrin respublikamızda pozuculuq fəaliyyətinə sipər olacaqlar.
Sonra Milli Təhlükəsizlik nazirinin müavini, polkovnik Fuad İsgəndərov çıxış edərək martın 25-26-da Sankt-Peterburq şəhərində keçirilmiş dünya dövlətlərinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərinin müşavirəsi haqqında geniş məlumat verdi. O bildirdi ki, bu tədbirdə 39 ölkədən 49 nümayəndə heyəti iştirak etmişdir. Müşavirədə 22 nümayəndə çıxış etmişdir. Respublikanın milli təhlükəsizlik naziri general-polkovnik Namiq Abbasovun müşavirə iştirakçılarına çatdırılan məruzəsi böyük maraq doğurdu. Müşavirə iştirakçıları ilə keçirdiyimiz görüşlərdə xarici ölkələrin xüsusi xidmət orqanlarının nümayəndələri separatçılığa və beynəlxalq terrorizmə qarşı mübarizədə mövqeyini dəstəklədiklərini bildirmişlər.
Təntənəli yığıncaqda Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirliyinin bir qrup hərbi qulluqçusunun təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı oxundu.
Xidmətdə fərqlənən bir qrup əməkdaşa Milli Təhlükəsizlik nazirinin əmri ilə yeni hərbi rütbələr, nazirliyin fəxri fərmanları və qiymətli hədiyyələr təqdim edildi.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Heydər Əliyevə müraciət qəbul olundu. Müraciətdə bildirilir ki, yığıncaq iştirakçıları Milli Təhlükəsizlik Nazirliyi şəxsi heyətinin əməyinə yüksək qiymət verdiyinə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edir və vətənimiz Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının daha da etibarlı qorunması, təhlükəsizliyinin təmin olunması üçün bundan sonra var qüvvə ilə çalışacaqlar.
Azərbaycanın Milli Təhlükəsizlik orqanlarının 83-cü ildönümünə həsr edilmiş təntənəli yığıncağa nazir, general-polkovnik Namiq Abbasov yekun vurdu.