Millinin qapıçısı: Azərbaycanı dünya çempionatında layiqincə təmsil etmək istəyirik
Bakı, 18 oktyabr, AZƏRTAC
“Antalyada 15 günlük təlim-məşq toplanışı keçdik. İndi də məşqlərimiz davam edir, dünya çempionatına hazırlaşırıq. Federasiya rəhbərliyinə bizə bu cür şərait yaratdığı üçün təşəkkürümü bildirirəm”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin qapıçısı Davud Kərimi qarşıdakı dünya çempionatına hazırlıqla bağlı danışarkən deyib.
39 yaşlı qolkiper mundiala ciddi hazırlaşdıqlarını bildirib: “Türkiyədə bir neçə komanda ilə yoldaşlıq görüşü keçirmək istədik, amma alınmadı. Ümid edirəm ki, bu istəyimiz baş tutacaq”.
Təcrübəli oyunçu G qrupundakı rəqibləri olan Tunis, Misir və İraq yığmaları barədə geniş məlumata malik olmadıqlarını söyləyib: “Ancaq baş məşqçimiz rəqib komandaların oyunlarına baxır, necə oynadıqlarını analiz edir. Rəqiblərimiz arasında nisbətən Tunisi fərqləndirərdim. Misir və İraq komandaları dünya çempionatında ilk dəfə iştirak edəcəklər”.
D. Kərimi dünya çempionatındakı hədəflərini də açıqlayıb: “Məqsədimiz ilk “üçlüy”ə düşməkdir. Bacardığımız qədər irəli getməyə çalışacağıq. Azərbaycanı mundialda layiqincə təmsil etmək istəyirik”.
Qeyd edək ki, minifutbol üzrə dünya çempionatı oktyabrın 26-dan noyabrın 4-dək Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl Hayma şəhərində keçiriləcək.