Mingəçevir məktəbliləri cənub bölgəsinə yola salınıb
Mingəçevir, 26 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyəsi ilə reallaşan, gənclərin və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayan ”Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyalar uğurla davam edir.
AZƏRTAC xəbər verir ki, Mingəçevir şəhərindən olan və təhsildə fərqlənən 40 nəfər orta məktəb şagirdindən ibarət qrup martın 26-da ölkəmizin cənub bölgəsinə yola düşüb. Məktəblilərin yola salınması ilə bağlı Mingəçevir şəhər Heydər Əliyev Mərkəzinin qarşısında mərasim təşkil olunub. Məktəbliləri onların valideynləri, icra hakimiyyətinin və təhsil şöbəsinin işçiləri, ictimaiyyət nümayəndələri yola salıblar.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Elşən Əliyev gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söz açaraq bildirib ki, bu gün Mingəçevir məktəblərində təhsil alan 40 nəfər IX-XI sinif şagirdi Lənkəran, Masallı və Astara rayonlarına yola salınır. Şagirdlər 4 gün ərzində cənub bölgəsinin sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, son illərdə inşa edilən sosial obyektlər, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəni abidələri, coğrafiyası, turizm obyektləri, muzeyləri ilə tanış olacaqlar.
Səfər proqramının zəngin olduğunu söyləyən valideyn Samir Quliyev övladının bu aksiyada iştirakına sevindiyini bildirib: “Artıq bir neçə ildir ki, dövlətimizin diqqət və qayğısı ilə yuxarı sinif şagirdləri ölkəmizin müxtəlif bölgələrinə göndərilir. Çox yaxşı haldır ki, uşaqlar seçilərkən obyektivliyə diqqət yetirilir, məktəb həyatında, tədris prosesində fərqlənən əlaçı şagirdlər bu komandaya salınır. Mən də sevinirəm ki, övladımda bu tur aksiyada iştirak edir. Bu onun çoxdankı arzusu idi, hər dəfə televiziyadan, qəzetlərdə bu barədə məlumatlar veriləndə onun da arzusu idi ki, böyüyəndə bu aksiyada iştirak etsin. Qızım Sunay Quliyeva Mingəçevir şəhər liseyinin şagirdidir. Bir neçə ildir ki, davam edən bu aksiyada bizim övladlarımızın dünya görüşü formalaşır və birmənalı olaraq vətənpərvərlik hisslərinin güclənməsində, ölkəmizin bölgələri haqqında daha dolğun məlumatların əldə olunmasında bu maarifləndirici layihə çox böyük rol oynayır”.
Mingəçevir şəhər 8 nömrəli orta məktəbin şagirdi Gülçin Abdullayeva deyib: “Bu maarifləndirici tur-aksiya bizim həm bilik və bacarıqlarımızı artırmağa və dünyagörüşümüzü formalaşdırmağa köməklik edir”.