Mingəçevir sakinləri Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq keçirilən tibbi müayinələri yüksək qiymətləndirirlər
Mingəçevir, 19 fevral (AZƏRTAC). Prezident İlham Əliyevin bu humanist addımı, onun Azərbaycanın hər bir vətəndaşının sağlamlığına diqqəti və qayğıkeş münasibəti mingəçevirlilər tərəfindən minnətdarlıqla qarşılanmışdır.
Bu sözləri tibbi müayinə olunan şəhər sakini Səfa Hüseynova AZƏRTAC-a müsahibəsində demişdir. Bildirmişdir ki, bu müayinələr əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edir. Mən yüksək səviyyədə təşkil olunan tibbi müayinə aksiyasından çox razı qaldım. Həkim və tibb işçilərinin rəftarı, bilik və bacarıqları məndə xoş təəssürat yaratdı. İnsanların sağlamlığına xidmət edən bu tədbirə görə dövlət başçısına təşəkkürümü bildirirəm. Təbii ki, bu aksiya yeganə tədbir deyildir. Son illər Mingəçevir şəhərində və ətraf rayonlarda tez-tez səhiyyə günləri keçirilir, Bakıda fəaliyyət göstərən tanınmış səhiyyə ocaqlarının kollektivləri bölgəyə gələrək əhaliyə yerindəcə tibbi xidmət göstərirlər.
Şəhər sakini İlkin Əliyev də tibbi müayinələrin yüksək səviyyədə təşkil edilməsindən, həkimlərin sakinlərə nəvazişlə, qayğı ilə yanaşmalarından razılığını bildirmişdir. O, ailə üzvləri ilə birlikdə xəstəxanaya gələrək müayinə olunduqlarını söyləmişdir.
İlkin Əliyev daha sonra demişdir: “Mən əhalinin tibbi müayinəsi ilə bağlı dövlətimizin başçısı İlham Əliyevin verdiyi tapşırıqlara uyğun olaraq keçirilən bu aksiyanı ürəkdən dəstəkləyirəm. Xalqımızın gələcəyi onun sağlamlığından və təhsilindən asılıdır. Məhz bu iki sahəyə daha çox diqqət ayırdığına görə Prezidentimizə dərin minnətdarlığımı bildirirəm. Son illərdə ölkəmizdə insanların cansağlığının qorunması istiqamətində köklü islahatlar aparılır. Bu gün respublikamızın elə bir bölgəsi yoxdur ki, orada ən müasir səhiyyə ocağı olmasın. Hazırda Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının əsaslı şəkildə təmir edilməsi bizi çox sevindirir. Əminəm ki, xəstəxana müasir standartlara uyğun şəkildə təmir edildikdən sonra lazımi tibbi avadanlıqla təchiz ediləcək və şəhər sakinlərinin müalicə üçün Bakıya getməsinə ehtiyac qalmayacaqdır”.