Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası əsaslı təmir edilir
Mingəçevir, 10 aprel (AZƏRTAC). Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının əsaslı təmiri işləri sürətlə davam etdirilir.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasının yenidən qurulması ilə əlaqədar Prezidentin ehtiyat fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılmışdır.
Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamına əsasən səhiyyə ocağında əsaslı təmir və yenidənqurma işləri aparılacaqdır.
Hazırda 570 çarpayılıq mərkəzi xəstəxananın binasında təmir-bərpa işləri davam etdirilir. Binanın dam örtüyündə və fasad hissəsində tamamlanma işləri görülür.
Müalicə ocağının 21 şöbəsində və yardımçı binalarda təmir işləri müasir texnologiya əsasında həyata keçirilir. Xəstəxananın bu ilin sonunda təhvil verilməsi nəzərdə tutulmuşdur. Xəstəxanada bütün şöbələr ən müasir avadanlıqla təmin ediləcək, eyni zamanda burada diaqnostik poliklinika bölümü də yaradılacaqdır. Bölgədə ilk dəfə olaraq məhz bu xəstəxanada insanlar kompyuter tomoqrafiya və maqnit rezonans tomoqrafiya ilə müayinə olunacaqlar. Səhiyyə ocağında 10 çarpayılıq dializ otağı təşkil ediləcəkdir.
Xəstəxananın həkimləri Səhiyyə Nazirliyinin xətti ilə Türkiyəyə ixtisasartırma kurslarına göndəriləcəklər.
Şəhərdəki rayonlararası doğum evi də yeni xəstəxana kompleksinə köçürüləcəkdir.
Yenidənqurma işləri ilə əlaqədar hazırda mərkəzi xəstəxananın şöbələri müvəqqəti olaraq digər səhiyyə ocaqlarında yerləşdirilmişdir. Bu çətinliyə baxmayaraq, şəhər səhiyyəsinin tibb personalı öz vəzifələrini peşəkarlıqla icra edir. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının 14 struktur bölməsində çalışan 2128 tibb işçisi tərəfindən şəhər əhalisinə, qaçqın və məcburi köçkün ailələrinə, ətraf rayonların sakinlərinə tibbi xidmət göstərilir.