MİNGƏÇEVİRDƏ AÇIQ ÖLKƏ ÇEMPİONATI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Mingəçevirdə akademik avarçəkmə, baydarka və kanoe üzrə XI Açıq ölkə çempionatı keçirilmişdir. Yarış iştirakçıları və qonaqlar əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etmişlər.
Turnirin açılış mərasimində Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev, gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə idmanın bütün növlərinin inkişafı üçün yaradılmış şəraitdən, bu istiqamətdə ulu öndər Heydər Əliyevin apardığı siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışmışlar. Natiqlər ölkəmizin başçısı İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində Mingəçevirdəki “Kür” Olimpiya Tədris İdman Mərkəzinin yenidən qurulması işlərinə başlanıldığını, 2008-ci ilin sentyabrınadək tikilib istifadəyə veriləcək bu kompleksdə peşəkar idmançıların yetişdirilməsi, beynəlxalq yarışların və təlim-məşq toplanışlarının təşkili üçün hər cür şərait yaradılacağını, Azərbaycan avarçəkənlərinin beynəlxalq yarışlarda uğurlarının şahidi olacağımızı qeyd etmişlər.
Turnirdə Mingəçevir və Bakı komandaları ilə yanaşı, Sankt-Peterburq və Gürcüstanın Msxeta şəhərlərinin idmançıları da iştirak etmişlər. İdmançılar 500 və 1000 metr məsafələri qətetmə uğrunda yarışmışlar.
Qaliblərə diplom və qiymətli hədiyyələr verilmişdir. Martın 16-da bütün idmançıların iştirakı ilə Kür çayında 10 kilometrlik məsafədə marafon yarışı keçirilmişdir.
Nazir Azad Rəhimov “Kür” Olimpiya Tədris İdman Mərkəzinin tikintisinə hazırlıq məqsədi ilə görülən işlərlə yaxından tanış olmuş, idmançıların məşqinin dayandırılmaması üçün yenicə istifadəyə verilmiş ikinci baza adlanan əraziyə baş çəkmiş, buradakı şəraitlə maraqlanmışdır.