SİYASƏT
Mingəçevirdə “Heydər Əliyev və müstəqil Azərbaycanın Konstitusiyası” mövzusunda tədbir keçirilmişdir
Mingəçevir, 12 noyabr (AZƏRTAC). Mingəçevir Turizm Kollecində “Heydər Əliyev və müstəqil Azərbaycanın Konstitusiyası” mövzusunda tədbir keçirilmişdir. AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasını beynəlxalq hüquq normalarına uyğun, insan hüquq və azadlıqlarına təminat verən mükəmməl hüquqi sənəd kimi dəyərləndirmişlər. Qeyd edilmişdir ki, Azərbaycan Konstitusiyası dünyanın ən demokratik konstitusiyalarından biri olmaqla, hüquqi dövlətin təməl prinsiplərini müəyyənləşdirmişdir.
Tədbirdə belə bir fikir ifadə olunmuşdur ki, özündə insan və vətəndaş hüquqlarını və vəzifələrini, qanunvericilik, icra və məhkəmə hakimiyyətini, dövlət quruluşunu, mülkiyyət formalarını ehtiva edən bu Konstitusiyanın qəbul edilməsi dövlətimizin həyatında baş vermiş mühüm ictimai-siyasi hadisələrdən biridir. Diqqətə çatdırılmışdır ki, Azərbaycanda Sovet hakimiyyəti dövründə konstitusiya dəfələrlə dəyişdirilsə də, onlar bir qayda olaraq imperiyanın mənafelərinə xidmət edirdi. Nəhayət, 18 il əvvəl qəbul olunmuş ilk milli Konstitusiyamız Azərbaycan xalqının seçdiyi yolun, arzu və istəklərinin təcəssümü olaraq meydana çıxmışdır. Ümummilli lider Heydər Əliyevin öz xalqı qarşısında ən böyük xidmətlərindən biri olan bu Konstitusiya zaman keçdikcə daha da təkmilləşdirilir və müasir dövrün tələbinə uyğun müddəalarla zənginləşdirilir.