Mingəçevirdə müasir standartlara uyğun xəstəxana binası noyabrda istifadəyə veriləcək
AZƏRTAC xəbər verir ki, xəstəxananın təmirinə 2013-cü ilin aprel ayında başlanılıb. 1987-ci ildən istifadəyə verilən və uzun illər təmir olunmayan bu müalicə müəssisəsi ilk dəfədir ki, əsaslı şəkildə yenidən qurulur.
Dövlətimizin başçısının ayırdığı vəsait hesabına təmir olunan 430 çarpayılıq səhiyyə ocağında inşaat işləri ən müasir texnologiya ilə aparılır. Səhiyyə Nazirliyinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin rəhbərləri mütəmadi olaraq xəstəxanaya baş çəkir, işin gedişi ilə yaxından maraqlanırlar.
Xəstəxana binası 2015-ci ilin sonunda təhvil verilməli idi. Gələn il Mingəçevirdə keçiriləcək Avropa Olimpiya Oyunlarının avarçəkmə yarışları ilə əlaqədar olaraq səhiyyə ocağında təmir-bərpa və yenidənqurma işlərinin bu il tam başa çatdırılması qərara alınıb. Ona görə də hazırda xəstəxananın təmir-bərpası ilə bağlı qızğın işlər gedir.
İndiyədək xəstəxananın əsas korpusunun və yardımçı binaların dam örtüyü dəyişdirilib. Sanitar-texniki qovşaqlar, elektrik və rabitə xətləri, eləcə də çirkab su xətləri yenilənib. Ayrıca qazanxana, transformator yarımstansiyası, su hovuzları inşa olunub. Xəstəxananın əsas korpusunun qapı-pəncərələri dəyişdirilib. Səhiyyə müəssisəsinin giriş hissəsi xüsusi layihə əsasında yenidən qurulub. Eyni zamanda, binada 7 ədəd müasir lift quraşdırılıb. Səhiyyə ocağı ilk dəfə olaraq isitmə və soyutma sistemi ilə təchiz edilib.
Ən müasir tibbi avadanlıqla təmin olunacaq xəstəxana binasının bu ilin noyabrında istifadəyə verilməsi nəzərdə tutulur.