Mingəçevirdə üç gün ərzində 2500-ə yaxın sakin tibbi müayinədən keçmişdir
Mingəçevir, 19 fevral (AZƏRTAC). Prezident İlham Əliyevin ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırığın icrası Mingəçevir şəhərində də diqqət mərkəzindədir.
Bu məqsədlə yaradılmış komissiyanın sədri, şəhər icra hakimiyyəti başçısının müavini Ramiz Əliyev AZƏRTAC-a bildirmişdir ki, əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı Prezidentin verdiyi göstəriş xalqımızın sağlamlığına dövlət qayğısının daha bir təzahürüdür. R.Əliyev bu diqqət və qayğının mingəçevirlilər tərəfindən rəğbətlə qarşılandığını qeyd edərək demişdir ki, hazırda tibbi müayinələr Mingəçevir şəhər mərkəzi xəstəxanasında, 1 və 2 saylı poliklinika şöbələrində, tələbə poliklinikasında, ana və uşaq xəstəxanasında aparılır. Sakinlər mütəşəkkil qaydada səhiyyə ocaqlarına müraciət edərək öz sağlamlıqları barədə dəqiq məlumat əldə edirlər.
Xəstəxananın baş həkimi Yusif Quliyev bildirmişdir ki, tibbi aksiyanın ilk günlərində 70 həkim tərəfindən 2500-ə yaxın şəhər sakini tibbi müayinədən keçirilmişdir. Üç gün ərzində 81 nəfər ultrasəs, 228 nəfər isə rentgen aparatı ilə müayinə olunmuşdur. Tələbə poliklinikasına isə 310 nəfər müraciət etmişdir. Xəstəlik aşkar edilən şəxslər Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında müalicə olunurlar. Müalicəsi şəhərdə mümkün olmayan xəstələr isə Bakıya göndərilir.
Şəhər sakini Ələm Məmmədov AZƏRTAC-a müsahibəsində müayinələrin təşkilindən, xəstəxanada yaradılan şəraitdən razı qaldığını söyləyərək demişdir: Mən tibbi yoxlamadan keçdim və qısa vaxt ərzində müayinənin cavabını aldım. Həkimlər səhhətimlə bağlı suallarıma ətraflı cavab verdilər. Sağlamlığımıza göstərilən bu yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarıq.