Minskdə ikinci Avropa Oyunlarının iclası keçirilir
Bakı, 11 iyul, AZƏRTAC
“Minsk-2019” ikinci Avropa Oyunlarının nümayəndə heyətləri rəhbərlərinin iclası işə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizi Azərbaycan Milli Olimpiya Komitəsinin idman şöbəsinin rəisi Həsənağa Rzayev təmsil edir.
İyulun 12-dək davam edəcək iclasa iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, rəsmilər, II Avropa Oyunlarının və Avropa Olimpiya Komitəsinin təmsilçiləri qatılıblar.
Tədbir çərçivəsində yarış obyektlərinin, iştirakçı ölkələrin təqdimatlarının keçirilməsi nəzərdə tutulub. İştirakçılar, həmçinin Atletlər Kəndi və müxtəlif yarış obyektləri ilə tanış olacaqlar.
İclasın sonunda - iyulun 12-də mətbuat konfransı keçiriləcək.
Xatırladaq ki, “Minsk-2019” ikinci Avropa Oyunları gələn il iyunun 21-30-da Belarusda təşkil olunacaq.