Miqrasiya orqanlarında çalışan işçilər üçün qısamüddətli kurslar keçirilib
Bakı, 31 yanvar, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin (DMX) struktur bölmələrində çalışan və “ASAN xidmət” mərkəzlərinə ezam edilmiş işçilər peşə hazırlığının yüksəldilməsi məqsədilə DMX-nin Təlim-Tədris Mərkəzində təlimlərə cəlb olunublar.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, təlimlərdə “Vətəndaşların qəbulu və müraciətlərinə baxılması qaydaları, bu sahədə qanunvericiliyin tələbləri və qarşıda duran vəzifələr”, “Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi qaydaları”, “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında əmək fəaliyyəti və iş icazələri”, “Azərbaycan Respublikasının vətəndaşlığının əldə edilməsi və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydaları”, həmçinin “Etik davranış qaydaları və korrupsiyaya qarşı mübarizə texnikaları” mövzularında mühazirələr oxunub və seminarlar təşkil olunub.
Təlim prosesində mövzulara dair dinləyiciləri maraqlandıran suallar cavablandırılıb, fəaliyyət istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.
Kursun sonunda iştirakçıların dinləmə və qavrama səviyyəsinin yoxlanılması məqsədilə imtahan, həmçinin təlimin və təlimçilərin qiymətləndirilməsi üçün sorğular keçirilib.