Misir mətbuatı yerli gimnastların Bakıda keçirdiyi təlim-məşq toplanışından yazıb
Qahirə, 15 iyul, AZƏRTAC
Misirin nüfuzlu “Əl Əhram” və “Əl Masr əl Yom” qəzetlərində misirli gimnastların “Tokio-2020” öncəsi Bakıda keçirdikləri ikihəftəlik təlim-məşq toplanışı haqqında xəbərlər dərc olunub.
AZƏRTAC xəbər verir ki, misirli idman jurnalistləri Azərbaycan Gimnastika Federasiyası tərəfindən bu ölkənin təmsilçiləri üçün yaradılmış gözəl şəraiti, həmçinin fərdi və qrup halında məşqlərdə aparıcı mütəxəssislərin iştirakını vurğulayıblar. Misir Gimnastika Federasiyasının rəhbəri Ehab Amin Bakı toplantısının misirli gimnastların Olimpiadaya hazırlığında son və ən mühüm mərhələ olduğunu bildirib.
Qeyd edək ki, Misir gimnastları ötən il Şarm-əl-Şeyxdə keçirilmiş Afrika çempionatında qazandıqları qələbədən sonra Olimpiadada iştirak hüququ əldə ediblər. Bu ölkənin komandası hazırda Beynəlxalq Gimnastika Federasiyasının təsnifatında 7-ci yerdədir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə