Misralarda yaşayan zaman: Mədinə Gülgün – 100
Bakı, 6 mart, AZƏRTAC
Martın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin təşkilatçılığı ilə şair Mədinə Gülgünün 100 illik yubileyinə həsr olunmuş “Misralarda yaşayan zaman: Mədinə Gülgün – 100” adlı tədbir keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə professor Elman Quliyev şair Mədinə Gülgünün yaradıcılığından bəhs edib. Qeyd edib ki, şairin poeziyasında milli və ümumbəşəri problemlər geniş şəkildə əksini tapır. Həmçinin Mədinə Gülgünün inqilabi ruhlu yaradıcılığı ilə tanındığını, parçalanmış torpaqlarımızın tərənnümü, Təbriz həsrəti və dövlətçilik ideyalarının onun şeirlərində mühüm yer tutduğunu bildirib.
Tədbirin davamında şairin həyat və yaradıcılığı haqqında videoçarx nümayiş etdirilib, onun şeirlərindən nümunələr səsləndirilib.
Mədinə Gülgünün nəvəsi Aysel Məhərrəmova tədbirin təşkil olunmasına görə Filologiya fakültəsinin rəhbərliyinə təşəkkürünü bildirib. O deyib ki, şairin yaradıcılığına göstərilən diqqət və ehtiram onun xatirəsinin və poeziyasının yaşadıldığının bariz nümunəsidir.
Sonda ADPU-nun Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova çıxış edərək, Mədinə Gülgünün Azərbaycan ədəbiyyatında özünəməxsus iz qoyduğunu vurğulayıb və şairin xatirəsinə ehtiram əlaməti olaraq onun portretini nəvəsi Aysel Məhərrəmovaya təqdim edib.