Mlli Qəhrəman şəhid Şükür Həmidovun xatirəsi anılıb
Bakı, 22 oktyabr, AZƏRTAC
Qubadlı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə oktyabrın 22-də Bakı şəhərində yerləşən 2-ci Fəxri xiyabanda Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı polkovnik Şükür Həmidovun xatirəsi anılıb. Anım mərasimində rayon icra hakimiyyətinin başçısı Malik İsaqov, deputatlar İmamverdi İsmayılov, Ceyhun Məmmədov, Hicran Hüseynova, Tahir Mirkişili, Müdafiə Nazirliyinin əməkdaşları, Milli Qəhrəman Şükür Həmidovun döyüş yoldaşları, hüquq-mühafizə orqanlarının, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhidimizin yaxınları iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş Vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Ziyarətə gələnlər Şükür Həmidovun məzarı üzərinə əklil və gül dəstələri qoyub, ruhuna dualar oxuyublar. Eyni zamanda, vətənpərvərlik mövzusunda və şəhidlərimizin ruhuna həsr olunmuş şeirlər səsləndirilib.
Həmidov Şükür Nəriman oğlu 1975-ci il aprelin 1-də Qubadlı rayonunun Armudluq kəndində anadan olub. Başarat kənd orta məktəbində, sonra Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 1993-cü ildə Bakı Birləşmiş Ali Hərbi Komandirlər məktəbinə daxil olaraq təhsilini davam etdirib və 1995-ci ildə motoatıcı ixtisasına yiyələnərək leytenant rütbəsində Naxçıvanda yerləşən hərbi hissələrin birində taqım komandiri kimi fəaliyyətə başlayıb. Qısa müddət ərzində bölük komandiri, sonra isə tabor komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsində irəli çəkilib, bir müddətdən sonra N saylı hərbi hissədə motoatıcı taborun qərargah rəisi vəzifəsinə təyin olunub.
2008-ci ildə Hərbi Akademiyanı bitirdikdən sonra cəbhə bölgəsində yerləşən müxtəlif hərbi hissələrdə tabor komandiri, qərargah rəisi, hərbi hissə komandirinin müavini və korpus komandirinin müavini vəzifələrində xidmət edib.
Şükür Həmidov Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin müxtəlif tarixli əmrləri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 10, 90, 95 və 100 illiyi yubiley medalları və III, II, I dərəcəli “Qüsursuz xidmətə görə” medalları, eləcə də “Hərbi xidmətdə fərqlənməyə görə” I və II dərəcəli medalları, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Veteranı” medalı, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat orqanlarının 100 illiyi” yubiley medalı ilə təltif olunub.
2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi zamanı göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Milli Qəhrəman adına layiq görülüb və “Qızıl ulduz” medalı ilə təltif edilib. Həmin il mayın 10-da polkovnik- leytenant Şükür Həmidova vaxtından əvvəl polkovnik hərbi rütbəsi verilib.
Şükür Həmidov Vətən müharibəsi zamanı oktyabrın 22-də doğulub böyüdüyü doğma Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub, Bakı şəhərində ikinci Fəxri xiyabanda dəfn edilib.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə polkovnik Həmidov Şükür Nəriman oğlu ölümündən sonra “Zəfər” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub. Ailəli idi, iki övladı var.
Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov qeyd edib ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurdu. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirdilər. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi, diplomatiya və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərdi. 44 günlük müharibədə ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə və təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu.
Digər çıxışlarda vurğulanıb ki, 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad edilib. Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan olan 11 şəhid və 40-dan çox yaralı öz adlarını tarixə yazdılar.
Şəhidin atası Nəriman Həmidov göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Sonda Sumqayıt şəhərində ehsan süfrəsi açılıb.