İQTİSADİYYAT
Mobil rabitə operatorları ilə mobil imzanın tətbiqi barədə danışıqlar aparılır
Bakı, 3 aprel (AZƏRTAC). Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) mobil rabitə operatorları ilə mobil imzanın tətbiqi barədə danışıqlar aparır. Hazırda əsas mövzu məsələnin texniki tərəfi ilə yanaşı, maliyyə tərəfinin müəyyən edilməsidir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, hər üç operator "Azərfon", "Azərcell Telekom" və "Bakcell" şirkətləri öz şəbəkələrində mobil imzanın identifikasiyasını təşkil etməyi planlaşdırır. Lakin özəl şirkətlər ilk növbədə hər bir xidmətin rentabelliyi ilə maraqlanırlar. Mobil operatorlar hazırda bu növ xidmətlər göstərilərkən ödənilən məbləği müəyyən etmək məqsədi ilə beynəlxalq təcrübəni öyrənirlər.
Rusiyada mobil operatorlar üçün hər bir SİM-karta elektron imzanın yazılması xidmətinin dəyəri 10 dollaradək müəyyən edilmiş, abunələr üçün isə SİM-kartın kriptoqrafik kartla dəyişdirilməsi xidməti pulsuz göstərilir. Ehtimal olunur ki, bu halda mobil imza SİM-kartı, abunəni daha çox operatorun şəbəkəsinə bağlayacaqdır.