“Mobillik qrantı” müsabiqəsinin nəticələri elan edilmişdir
Bakı, 29 dekabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində elmi-tədqiqat işləri ilə məşğul olan alimlərin elmi fəaliyyətlərini stimullaşdırmaq, onlara xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirak, Azərbaycanda alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanı yaratmaq üçün EİF-in xüsusi layihələrinin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə 2013-cü ildə keçirilmiş “Mobillik qrantı” müsabiqəsinin nəticələrini elan etmişdir.
EİF-dən AZƏRTAC-a bildirmişlər ki, fond cari ildə üçüncü “Mobillik qrantı” müsabiqəsinin keçirilməsi haqqında qərarını sentyabrın 2-də internet səhifəsində və kütləvi informasiya vasitələrində elan etmişdir. Qrant layihələrinin qəbulu müddəti sentyabrın 3-dən oktyabrın 4-dək müəyyənləşdirmişdir. Bu müddətdə EİF-in icraçı direksiyası qrant iddiaçılarına kömək məqsədi ilə dörd məsləhət seminarı təşkil etmiş, telefon və elektron-poçt vasitəsilə qəbul olunmuş müraciətlərə cavab vermiş, ortaya çıxan suallara aydınlıq gətirmişdir.
Müsabiqəyə daxil olmuş 20 layihənin ekspertizası işi təşkil edilmişdir. Müsabiqənin qaydalarına və tələblərinə cavab verməyən iki layihə texniki ekspertiza mərhələsindən keçməmiş, 18 layihə isə elmi ekspertiza mərhələsinə buraxılmışdır.
EİF-in icraçı direksiyası daimi və müstəqil elmi ekspertlər layihələrin səviyyəsini, onların yerinə yetirilməsi imkanlarını və potensialını ekspertiza qaydalarına uyğun olaraq qiymətləndirmiş, həmçinin maliyyələşdirilmənin məqsədəuyğunluğu və həcmi barədə Elmin İnkişafı Fondunun Himayədarlar Şurası üçün arayışlar hazırlamışlar.
EİF-in icraçı direksiyasının, daimi və müstəqil elmi ekspertlərin hər bir layihə üzrə hazırladıqları və müvafiq məlumatların daxil olduğu yekun sənədlər toplusuna fondun Himayədarlar Şurası tərəfindən baxılmış, layihələr müzakirə olunmuş, yekun sənəd qəbul edilmişdir.
Üçüncü “Mobillik qrantı” müsabiqəsi üzrə 14 qalib layihə müəyyənləşdirilmişdir. Müsabiqə üzrə maliyyələşdirilmənin ümumi həcmi doxsan beş min beş yüz manat olmuşdur.
EİF-in icraçı direksiyası ilə qalib layihənin rəhbəri arasında layihənin yerinə yetirilməsi barədə lazımi sənədlər toplusu hazırlanmaqla müvafiq müqavilə bağlanacaq və qanunvericiliyə uyğun olaraq Ədliyyə Nazirliyində qeydiyyatdan keçiriləcəkdir.
Elmin İnkişafı Fondu müsabiqənin qaliblərini təbrik edir, iştirakçılara və ekspertlərə minnətdarlığını bildirir.