MOLDOVA PREZİDENTİ VLADİMİR VORONİNİN BƏYANATI
GUAM təşkilatı uzun müddət özünü doğrultmağa, fəaliyyət göstərməyə çalışmışdır, lakin müxtəlif problemlər yaranmışdır və onlar təşkilatın yetərli, tammiqyaslı inkişafına ya mane olur, ya da, ən azı, kömək etmirdi.
Bu gündən onun beynəlxalq təşkilata çevrilməsi ilə, düşünürəm ki, belə uzunmüddətli və əziyyətli təşəkkül prosesi başa çatmışdır. Üstəlik, beynəlxalq təşkilatın Nizamnaməsinə əsasən, o, digər ölkələrin üzvlüyü üçün də açıqdır. Mən, nədənsə, düşünürəm ki, bu, olacaq, baş verəcəkdir. Moldova ötən il ərzində GUAM-da sədrlik etmişdir və bu gün mən növbəti il üçün sədrliyi Ukraynaya verdim. Ötən il Kişinyovda keçirilmiş zirvə görüşündə sədrliyi qəbul edərkən mən bildirmişdim ki, Moldova GUAM-ın inkişafı məsələlərinə çox ciddi və məsuliyyətlə yanaşmaq niyyətindədir. Mənə xoşdur ki, bu gün biz indiyədək mövcud olan təşkilatda deyil, onun fəaliyyətinin keyfiyyətinin artırılmasına kömək edəcək Katibliyi, qurumları və təsisatları olan beynəlxalq təşkilatda sədrliyi verdik.
Ötən il bu təşkilatın nüfuzunu ciddi surətdə artıran bir sıra tədbirlər keçirilmişdir. Əvvələn, biz GUAM-ın Parlamentlərarası Assambleyasını yaratdıq, onun iclası keçirildi. Biz təhlükəsizlik xidmətləri rəhbərlərinin görüşünü keçirdik, çünki qalan ölkələrdə olan problemlər Moldovada da var. Biz daxili işlər nazirliklərinin rəhbərləri ilə də eyni tədbir keçirdik. GUAM ölkələri gənclərinin forumunu təşkil etdik və onlar katibliyi və digər idarəetmə orqanları olan gənclər təşkilatı yaratmağı qərara aldılar.
Buna görə də düşünürəm ki, perspektivlər çox yaxşı, ciddidir. Üstəlik, biz bir yaxşı işi başqası ilə əvəz etmək istəmirik. Yəni bu təşkilatın fəaliyyətini kiməsə qarşı çevirmək istəmirik. O, bizə ölkələrimizdə mövcud olan məsələləri həll etmək üçün lazımdır. Əlbəttə, bu gün Dnestryanı region probleminin nizama salınması məsələsi ilə bağlı Ukrayna ilə bizim aramızda olan danışıqlar və görülən işlər təşkilatımızın həyat qabiliyyətli olmasına ən əyani misaldır. GUAM-ın üzvü olan dörd ölkədən üçündə ərazi problemləri, indi deyildiyi kimi, “dondurulmuş münaqişələr” mövcuddur. Həm bunlar, həm energetika, həm təhlükəsizlik, həm də demokratik, müstəqil, hərtərəfli güclü dövlət quruculuğu yolunda rast gəldiyimiz problemlər, düşünürəm ki, GUAM-ın diqqət mərkəzində olacaq, lakin hər dəfə öz praktik həllini tapacaqdır.
Sonda demək istəyirəm ki, zənnimcə, biz bu gün Avropa İttifaqı ilə saziş hazırlanması, təşkilatımızın bu çox mühüm Avropa təşkilatı ilə necə əməkdaşlıq edəcəyi barədə qərarımızı düzgün müəyyənləşdirmişik.
Nə etmək niyyətində olduğumuz və nəyin naminə bu gün Kiyevə gəldiyimiz təxminən bunlardan ibarətdir.
Sağ olun.
X X X
Sonra dövlət başçıları jurnalistlərin suallarına cavab verdilər.
SUAL: Mənim sualım Azərbaycan və Ukrayna prezidentlərinədir. Hörmətli prezidentlər, GUAM beynəlxalq təşkilat statusu aldı. Sizcə, GUAM beynəlxalq münasibətlər sistemində hansı rolu oynaya bilər?
İLHAM ƏLİYEV: Bu gün biz bu barədə danışdıq. Ümidvarıq ki, təşkilatımız bütün beynəlxalq proseslərin fəal iştirakçısı olacaq, çünki onun keçmişi də, bu günü də, xeyli dərəcədə gələcəyi də bunu nəzərdə tutur.
Hazırda ölkələrimizdə baş verən proseslər artıq regional münasibətlər çərçivəsini aşır və Avropa qitəsində baş verən proseslərə get-gedə daha böyük təsir göstərəcəkdir. Ona görə də ölkələrimizə diqqət artır və bu, təsadüfi deyildir. Bu, onunla bağlıdır ki, ölkələrimizin əhəmiyyəti yüksəlir, beynəlxalq münasibətlər sistemində ölkələrimizin rolu və yeri də möhkəmlənir. Son 10-15 ildə, müstəqillik əldə edildiyi vaxtdan və iqtisadi, siyasi böhranın ilk nəticələrinin aradan qaldırılmağa başlandığı vaxtdan bəri ölkələrimizin inkişaf dinamikasına diqqət yetirsək görərik ki, indi bu, ən dinamik inkişaf edən regiondur. Özü də təkcə ümumi daxili məhsulun və sənaye istehsalının artım sürətinə görə deyil, həm də dünyada baş verən proseslərə təsirinə görə.
Bu gün biz enerji təhlükəsizliyindən danışanda yeni enerji, karbohidrogen mənbələrinin qoşulmasını, onların Xəzər hövzəsindən Avropa və dünya bazarlarına nəqlini, onların mühafizəsini, təhlükəsizliyini nəzərdə tuturuq. Bütün bunlar regional proseslərin inkişafını, yaşadığımız regionda və daha geniş mənada inkişafın hansı istiqamətdə gedəcəyini artıq bu gün müəyyən dərəcədə, gələcəkdə isə daha böyük dərəcədə öncədən təyin edəcəkdir. Öncül istiqamətlər necə olacaq, gündəlikdə nələr olacaq, bu gün nə başlıca, nə ikici dərəcəli olacaq – bunları təşkilatımız müəyyən edəcəkdir. Biz beynəlxalq birliyin sadəcə passiv üzvü olmayacağıq. Bu, yaxşı adlı və xoş məramlı daha bir təşkilat olmayacaqdır. Xeyr, bizim planlarımız məhz ondan ibarətdir ki, təşkilat, ilk növbədə, milli mənafelərimizin təmin edilməsinin səmərəli mexanizmi olsun, - çünki biz bu təşkilatın üzvləriyik, - habelə regional və beynəlxalq proseslərdə - iqtisadi, siyasi proseslərdə, energetika, nəqliyyat proseslərində, demokratik təsisatların inkişafı və möhkəmlənməsində fəal iştirak etsin. Bütün bunlar bizi birləşdirir, ona görə də təşkilatın 3, 4, 5, yaxud 10 ildən sonra nəyə çevriləcəyini, əlbəttə, qabaqcadan bilmək çətindir. Lakin, bir tərəfdən, dünyada, Avropada gedən proseslərin bugünkü inkişaf meyli, digər tərəfdən ölkələrimizin getdiyimiz yolla irəliləmək əzmi belə deməyə imkan verir ki, təşkilat kifayət qədər səmərəli olacaq, Avropa və qlobal xarakterli mühüm qərarların qəbul edilməsinə təsir göstərmək üçün ciddi vasitələrə malik olacaqdır.
VİKTOR YUŞŞENKO: Mənə elə gəlir ki, ümumi məntəqədən başlamaq olar, bu isə onu göstərir ki, Qafqaz-Qara dəniz regionu yaxın gələcəkdə Avropada ən model region ola bilər. Çünki bu region elə nadir imkanlara malikdir ki, onlar Avropa ölkələrinin mənafeləri üçün ən aktual ola bilər. Biz xəritəyə baxdıqda, təbii dəhlizdən danışırıq. Siyasətçilər və diplomatlar olmasaydı, zənnimcə, bu əlaqə xətləri artıq çoxdan olardı. Səmərəli biznes bu əlaqələri çoxdan sahmanlayardı. Bu gün isə siyasətçilərin vəzifəsi rəsmi mənafeləri formalaşdırmaqdan, iqtisadi layihəyə siyasi dəstəyi təmin etməkdən ibarətdir. Ona görə də biz münasibətlərimizin məzmunundan, onların iqtisadi, ticarət, investisiya və digər cəhətdən dolğunluğundan danışırıq.
Bəli, şübhə yoxdur ki, Azərbaycan nadir neft ehtiyatlarına malikdir. Ukrayna nadir tranzit imkanlarına malikdir. Mən GUAM-da iştirak edən digər ölkələri demirəm – onların ərazilərinin bu və ya digər xüsusiyyətləri var. Bəs, nə üçün bu səyləri birləşdirməyək?! Deyirik ki, əgər bu layihələri əsas tutsaq, onda neftin bugünkü tranzit potensialı daha da səmərəli ola bilər. Bu, təkcə neftə, təkcə qaza aid deyildir. Bu, nəqliyyatla daşımalara, avtomobil və dəmir yollarına da aiddir. Özünə sual vermək olar: yükləri Şərqdən Avropaya necə daşımalı? Siz əsas cavabı asanlıqla taparsınız. GUAM ölkələri olmadan belə layihələri həyata keçirmək mümkün deyildir. Odur ki, biz təşəbbüskar olmalıyıq. Bütün bu layihələri səmərəli layihələr kimi hiss etməliyik.
Mən cənab Prezidentin bu fikri ilə razıyam ki, təşkilat bizi digər beynəlxalq layihələrdən öz praqmatik, səmərəli işi ilə fərqləndirməlidir. Söhbət heç də təkcə bir tərəfə məhsul göndərilməsindən getmir. Düşünürəm ki, Ukraynanın elektrik enerjisi Qafqaza, yaxud Qafqaz vasitəsilə daha uzağa niyə də göndərilməsin. Biz bilmirik indi bu enerjini nə edək. Avropada da, Şərqdə də bazar çox kasaddır. Bir çox digər məsələlər var və onlar göstərir ki, münasibətlərimizi ancaq səmərəlilik baxımından nəzərdən keçirmək lazımdır.
Öz prezidentlik vaxtımı kimlərəsə qarşı planlar cızmağa sərf etməyə heyfim gəlir. Bu, mənim üçün maraqlı deyildir. Bu, milli süfrəyə heç nə gətirmir. Hərçənd başa düşürəm ki, bu və ya digər təşəbbüslərə nə kimi məna verə bilərlər. Biz öz milli mənafelərimizə cavab verən layihələri həyata keçirmək istəyirik. GUAM-ın mahiyyəti və beynəlxalq təşkilat kimi yeni keyfiyyətli GUAM yaradılmasının məğzi məhz bundadır. Mənə elə gəlir ki, GUAM-ı təşkilati cəhətdən möhkəmlətmək lazımdır. Bir daha təkrar edirəm, zənnimcə, ancaq sammitdən sammitə deyil, hər gün işləyən təsisat olmalıdır. GUAM çərçivəsində yüksək səviyyədə görüşlər də ildə bir dəfə deyil, daha tez-tez keçirilməlidir. Biz bu və ya digər məsələləri müzakirə edəcəyik, üstəlik, indi işçi orqanımız olacaq, o, müvafiq təklifləri daha dəqiq və ətraflı formalaşdıracaqdır.
Sağ olun.
SUAL: Mənim sualım bütün prezidentlərədir. Bu on il ərzində MDB ilə əlaqədar sazişlər həyata keçirilməmişdir. Bütün ölkələrin real problemləri, energetika, separatizmin təşviqi, kriminalla əlaqədar Rusiya ilə bağlı problemləri var. Nə üçün bütün bunlara baxmayaraq, bilavasitə tənqid yalnız Gürcüstan Prezidentindən eşidildi? Bu, ona görə baş verdi ki, fikir ayrılığı var, yoxsa bu, sizin Rusiya ilə strateji siyasətinizdir?
VİKTOR YUŞŞENKO: Mən bu barədə təmiz və açıq danışacağam. Siz bilirsiniz, əgər qonşular varsa, münasibətlər də xeyirxah olmalıdır. Bu, təkcə Ukrayna qaydası, ya Moldova, ya Gürcüstan və ya Azərbaycan qaydası deyildir. Bu, təbii hissdir. Biz əmtəə dövriyyəsinin təxminən 21 milyard dollara çatdığı qonşumuz haqqında danışanda onu əsas tuturuq ki, bu əmtəə dövriyyəsini nəinki itirmək lazım deyil, həm də inkişaf etdirmək lazımdır. Çünki əmtəə dövriyyəsinin hər milyon dolları bir neçə min iş yeridir, burada əməkhaqqı, pensiya ödənilir. Başqa sözlə, bu, iqtisadi maraqlardır və onlara görə mübarizə aparmaq, onları möhkəmləndirmək lazımdır. Üstəlik, genişləndirmək, inkişaf etdirmək və sair. Biz deyəndə ki, bu münasibətlər təkcə ikitərəfli əlaqələr xətti ilə deyil, həm də bizim halda olduğu kimi, dörd ölkə arasında da mövcuddur, onda iqtidardakılar qarşısında sual ortaya çıxır. Görünür, burada söhbət təkcə öz-özünə yaranan qeyri-mütəşəkkil münasibətlərdən getmir, onların ahəngdarlığı sistemini qurmaq, hansısa prinsiplər, hansısa qaydalar, proseduralar tətbiq etmək lazımdır. O zaman bu münasibətlər inkişaf edəcəkdir. Prezidentlər kimi, biz bunu etməsək, münasibətlər zəifləyəcəkdir. Milli keyfiyyətlərini, milli maraqlarını, milli perspektivlərini itirəcəklər. Ukrayna bu münasibətlərə belə baxır.
Biz bu münasibətlərdən fayda götürmək istərdik, biz öz milli mənafelərimizi həm də MDB çərçivəsində mövcud olan ərazilərə yaymaq istəyirik. Bu, açıq, aydın siyasətdir. Buna görə deyirik ki, bizə müəyyən normativ bazanı inkişaf etdirmək, formalaşdırmaq lazımdır. Lakin bu barədə danışarkən, eyni zamanda, onu da vurğulayırıq ki, bu münasibətlərin təşkili prinsipləri bizim Avropa İttifaqına və digər beynəlxalq təsisatlara inteqrasiyamızın qarşısını almamalıdır, çünki orada da Ukraynanın marağı var və biz onu reallaşdırmaq istəyirik. Bəlkə də Ukrayna üçün çətinlik ondadır ki, Şərqdə aparılan siyasətdən danışarkən biz bir cür metodlardan istifadə etməliyik, inteqrasiya siyasətindən danışarkən isə klassik metodlardan istifadə etməliyik. Həm siyasətdə, həm iqtisadiyyatda, həm də ticarətdə. Təəssüf ki, onlar heç də həmişə üst-üstə düşmür. Lakin bu, faktdır. Mən şərh vermirəm, bu, sadəcə faktdır, mövcud olan çağırışdır. Əgər sən Prezidentsənsə, bu faktla işləmək olar. Əgər konkret siyasi təsisatdan danışsaq, biz dəfələrlə bəyan etmişik ki, MDB-nin faydalılığında böyük çatışmazlıq var. Mən sonuncu zirvə görüşü haqqında da danışa bilərəm. Ukrayna pensiya təminatı ilə, bir ölkədə işləmiş, indi isə digər ölkədə yaşayan pensiyaçının pensiya ala bilməsi barədə sazişdən tutmuş 5 təkliflə gəlmişdi. Məgər bu, bütün dünyada olduğu kimi normal cavab vermək, prezidentlər və ya hökumətlər üçün vəzifə deyilmi? Yaxud sərhədlərin demarkasiyası və delimitasiyası ilə əlaqədar məsələlər. Biz özümüzü necə dost, qonşu adlandıra bilərik ki, MDB-nin və ya digər beynəlxalq təsisatların tərkibində olan hər bir ölkə ilə sərhəd məsələsi nizama salınmamışdır.
Bu, yaramaz, bu, bizi razı salmır. Biz sərhədlərin demarkasiyası, delimitasiyası haqqında təklif irəli sürürük, lakin bu, başa düşülmür. Mən bəlkə də məxsusi olan, lakin hamı üçün maraqlı ola bilən onlarca məsələ sadalaya bilərəm. Biz saziş barədə danışdıq, hər il Qərb sərhədində və Şərqi Ukrayna sərhədində biz 17 minə yaxın qeyri-leqal saxlayırıq. Hər il orada onlarca qaçqın düşərgəsi yaranır, onlarla nə etməli, onları necə maliyyələşdirməli, onlara bir tikə çörəyi necə verməli. Bu, təkcə Ukrayna üçün çağırış deyil. Özü də bu qaçqınların 80 faizi MDB ərazisindəndir. Biz bu məsələni həll etmək üçün Avropa İttifaqınamı müraciət etməliyik, biz biri-birimizə müraciət etməliyik - hörmətli prezidentlər, hörmətli baş nazirlər, bu, bizim problemimizdir, bunu biz həll etməliyik. Lakin təəssüf ki, hansısa səbəblərdənsə, bu təklif də keçmədi. Biz bu məsələlərdə öz siyasətimizi qətiyyətlə yeridəcəyik, çünki mən əminəm ki, əgər biz bir yerdə yığışırıqsa, deməli, bizim qərarlarımız praqmatik olmalıdır. Əgər biz belə qərarlar qəbul edə bilmiriksə, onda bu quruma başqa cür yanaşmalıyıq. Belə ki, biz bunu şirin söhbətlər kimi qəbul etməməliyik. Bu, həqiqətən, sadə olmayan mürəkkəb münasibətlərdir. Zənnimcə, siz mənim cavabımı başa düşdünüz.
İLHAM ƏLİYEV: Bu gün bu məsələ zirvə görüşü zamanı müzakirələr çərçivəsində də və mətbuat konfransında da səslənmişdir ki, bizim təşkilatımız qarşıdurma təşkilatı deyildir. O, kiməsə qarşı yönəldilməmişdir. Bəzi kütləvi informasiya vasitələrində tez-tez GUAM-ı əks təşkilat kimi qələmə verməyə cəhd göstərirlər. Biz burada kiməsə qarşı birləşib dostluq etməyə yığışmamışıq. Biz konstruktiv işləmək, əməkdaşlıq etmək, qarşılıqlı surətdə faydalı layihələri irəlilətmək, daxili tələbatımızı, maraqlarımızı maksimal dərəcədə təmin etmək üçün yığışmışıq. Xüsusən də, artıq deyildiyi kimi, təşkilatın təşəkkülünün və inkişafının bugünkü mərhələsi ilkin mərhələdir. Yaranmasından 10 il keçməsinə baxmayaraq, o, real təşkilat kimi bu gün fəaliyyət göstərməyə başlayır, özü də elə bir vaxtda ki, bizim regionda – Xəzər dənizi-Qara dəniz regionunda tamamilə yeni reallıqlar, yeni şərait yaranır. Biz onlara hazır olmalıyıq. Biz təkcə bu proseslərin ardınca getməməli, proseslərə başçılıq etməliyik. Təşəbbüs göstərməli və milli maraqlarımızın təmin olunmasına yönəldilmiş iri layihələrin həyata keçirilməsini təklif etməliyik.
Hər bir dövlət və hər bir Prezident, ilk növbədə, öz ölkəsinin milli maraqlarını maksimum dərəcədə necə təmin etmək barədə düşünməlidir. Xüsusən də müstəqil dövlətlər kimi qısa tarixə malik ölkələrdə. Bizim müstəqilliyimizin cəmi 15 yaşı var. Onun da çox hissəsi ölkələrimizin ərazisindəki münaqişələrin ağırlaşdırdığı iqtisadi böhran, sosial gərginlik şəraitində keçmişdir, yəni müstəqilliyin, iqtisadi potensialın möhkəmləndirilməsi, sabitləşdirilməsi, - bunlarsız müstəqillik sadəcə olaraq xoş niyyətdir, - üçün real işləmək imkanları məhdud idi. Bu gün biz elə bir həddə gəlib çatmışıq ki, iqtisadi, sosial, siyasi böhranların nəticələri, demək olar, aradan qaldırılmışdır. Biz tamamilə yeni səviyyəyə çıxırıq, indi gələcək perspektivlər, planlar barədə düşünməliyik, bu baxımdan əlimizdən gələni etməliyik ki, öz fəaliyyətimizlə, addımlarımızla, qərarlarımızla ölkələrimizə, xalqlarımıza fayda gətirək.
Ona görə də biz Azərbaycanda müxtəlif beynəlxalq təşkilatlara üzvlük məsələsini bu baxımdan nəzərdən keçiririk. Buna görə də düşünürəm ki, GUAM-ın digər regional təşkilatlara qarşı qoyulması heç də düzgün yanaşma deyildir. Rusiya ilə münasibətlərə gəldikdə isə, deməliyəm ki, Azərbaycanın Rusiya ilə münasibətləri konstruktiv şəkildə qurulur, baxmayaraq ki, 1990-cı illər dövrünü xatırlasaq, demək olar ki, bütün 1990-cı illər, bəlkə də, keçmiş sovet məkanındakı ölkələr arasında ən gərgin münasibətlər Rusiya ilə Azərbaycan arasında olan münasibətlər idi. O zaman blokadalar da var idi, ərazimizi işğal etmiş Ermənistana çoxmilyardlıq qanunsuz silah göndərilməsi də var idi və sair. Lakin bu prosesləri yenidən dərk etməyin vaxtı gəldi. Biz 2000-ci illərin əvvəlindən fəaliyyətimizi müsbət cəhətlərə yönəltməyə, yəni müsbət olanları önə çəkməyə və mənfinin müsbətə çevrilməsi üçün onun üzərində işləməyə çalışdıq. Mən sizə bütün məsuliyyəti ilə və tamamilə ciddi deyirəm ki, bu taktika öz nəticəsini verdi. Bu gün Rusiya ilə Azərbaycan arasında qarşılıqlı narazılıq doğura biləcək məsələ qalmamışdır. Son iki ildə əmtəə dövriyyəsi iki dəfə artmışdır. Biz iqtisadi, regional və energetika sahələrində fəal əməkdaşlıq edirik. Ona görə də düşünürəm ki, bu təcrübə, - hər halda birləşdirən nə varsa, müsbət olan nə varsa, ön plana çəkmək, mənfini isə geri itələmək, - maraqlı ola bilər. Özü də tədricən həll etmək, mənfi azaldıqca, müsbətə keçmək lazımdır. Bəlkə bu, uğur gətirər. Hər halda, bir daha demək istəyirəm ki, biz GUAM-a hansısa başqa funksiyaları olan alət kimi deyil, regionumuzda demokratik proseslərin inkişafında səmərəli siyasi, iqtisadi əməkdaşlıq vasitəsi kimi baxırıq. Bu proseslər qaçılmazdır və biz onları fəal surətdə irəlilətməliyik.
VLADİMİR VORONİN: Əlbəttə, mən bu məsələ ilə bağlı fikirlərini söyləmiş prezidentlərlə razıyam. Ölkələrin münasibətləri beynəlxalq konvensiyalar, sazişlər əsasında qurulur. Lakin bu zaman başlıcası, bu münasibətlərin inkişaf etdirildiyi ölkənin mənafelərinə və hüquqlarına qarşılıqlı hörmətdir. Biz “sovet imperiyası” sindromundan can qurtara bilmirik. Biz, moldovanlar sülhsevər və çox xeyirxah insanlarıq. Lakin buz də daim böyük qardaş, kiçik qardaş və ya bacı prinsipi haqqında danışa bilmərik. Biz o beynəlxalq təşkilatlara gedirik, o təşkilatlarla işləyirik ki, orada ölkəmizin mənafelərinə riayət olunur, orada onun inkişafının öncül istiqamətləri var. Bu, hansısa ictimai problemləri həll edən qeyri-hökumət təşkilatları deyildir. Bu, dövlətin inkişafı məsələləridir, çox ciddi problemlərdir. Bizim aramızda nə isə baş verəndə biz Moldovada məsələni həmişə belə qoyuruq: axı, biz nəyi düz etmədik, niyə belə oldu, ilkin səbəb nədədir, biz ilk növbədə nə etməliyik?
Məsələn, şərab böhranı haqqında. Biz ötən il 360 milyon şüşə şərab istehsal edib satmışıq. Hamımız yaşlı adamlarıq və anlayırıq ki, əlbəttə, bu şüşələrin hansındasa keyfiyyətsiz məhsul ola bilər. Bunu heç kim və heç zaman istisna etmir. İstənilən məhsul, istənilən digər sistem olduğu kimi. Kosmosda da nasazlıq yarana bilər. Burada isə söhbət artmaq və köhnəlmək dinamikası olan aktiv mayedən gedir. Yəni, canlı orqanizm kimi, o da turşuya bilər, onunla da nə istəsən baş verə bilər.
Bəs, bu problemə necə yanaşmalı? Əgər ona buldozerlərlə yanaşılsa, onda bu, bir qərardır, yox, əgər insan kimi yanaşılsa, oturub müzakirə edilərsə, onda kim bunun əleyhinə çıxır, heç kim. Biz özümüz bu problemlə mübarizə aparırıq, lazım olmayan işlərlə, saxtakarlıqlarla məşğul olanları daim qovuruq. Bilirsiniz, saxtalaşdırılmış məhsul problemi heç də təkcə şərabçılıqda olmur. Nəyi istəsələr saxtalaşdırırlar. Müxtəlif yarlıklar yapışdırır və istədiklərini buraxırlar. Lakin bütün bunlar sivil çərçivədə, təhqirə yol verilmədən edilməlidir. Çünki Moldova və ya Gürcüstan şərabının brendini bazara çıxarmaq üçün nə qədər vaxt gərəkdir, sonra da bir gündə onların hamısı buldozerlərin altına atılır. Əlbəttə, burada milli heysiyyətə və dövlət mənafelərinə toxunurlar, hamısına bir yerdə. Odur ki, biz bu məsələlərdə, sadəcə, çox diqqətli olmalıyıq, bir-birimizə qarşılıqlı hörmətlə yanaşmalıyıq. Artıq bu halda bütün ölkələrlə münasibətlərimiz çox gözəl olar, biz məhz buna köklənmişik. Xüsusən də, yüzilliklər ərzində təşəkkül tapmış münasibətlərimiz olan ölkələrlə. Bu yüzilliklər indiki Prezidentə, - onun nə kimi səlahiyyətləri olsa da, - verilməyib ki, onların üstündən buldozerlərlə keçsin.
MİXAİL SAAKAŞVİLİ: Burada çox alovlu nitqlər söylənildi, mən bütün bu məsələləri heç vaxt belə dəqiq əsaslandırmamışam. Həqiqətən, gözəl Moldova şərablarının iri buldozerlərlə Moskva torpağında necə basdırıldığını televizorda gördüm. Çox xoşagəlməz mənzərə idi. İndi Moskva torpağına Moldova şərabı hopmuş və sındırılmış butılkaların şüşələri basdırılmışdır. İnanmıram ki, bu torpaqda yaxşı nəsə bir şey bitsin. Bizim real problemlərimiz var və hökumətimizə tapşırmışıq hesablasınlar ki, qazandığımız nədir, uduzduğumuz nədir. Biz bir yerdə oturub qalmaq və əlimizi ağdan-qaraya vurmamaq üçün yaşamırıq. Əlbəttə, biz milli mənafelərimizə uyğun olan qərar qəbul edəcəyik. Mən burada deyilənlərin hamısını təsdiq edirəm ki, biz öz görüşlərimizi kimlərəsə qarşı yönəltmirik. Bizim konkret problemlərimiz var. Onları digərləri ilə həll etməyə çalışırq, hələlik digərləri ilə baş tutmursa, bir-birimizlə həll edirik. Odur ki, bu cür hər hansı hərəkəti kiməsə acıq vermək kimi başa düşmək lazım deyildir. Çünki kiminsə acığına bir iş görərək yaşamaq çox xoşagəlməzdir, yaxşı hal deyil və insana yaraşmaz.
Təbii ki, dövlət də heç vaxt belə hərəkət etməyəcəkdir. Hesab edirəm ki, problem var. Ukraynanın tamamilə əsaslandırılmış təkliflərinə baxılmadığını gördükdə şəxsən özümü təhqir olunmuş hesab etdim. MDB görüşlərində nəinki müzakirəyə çıxarmadılar və dəlillər gətirib rədd etmədilər, sadəcə olaraq, heç müzakirə etmədilər.
Ukrayna meşənin qırağında hansısa ucqar bir kənd deyil, bu Birliyin aparıcı ölkəsidir. Əgər onu belə saya almırlarsa, bu cür sərvətləri, imkanları olmayan kiçik dövlətlərdən heç danışmağa dəyməz. Bir sözlə, bütün bunlar mövcud reallıqlar haqqında düşündürür. Əlbəttə, biz tələm-tələsik qərarlar qəbul etməyəcəyik. Ona görə ki, qəbul edəcəyimiz hər hansı qərarları, indiyədək olduğu kimi, əlaqələndirəcəyik. Biz məsələləri MDB üzrə bütün tərəfdaşlarımızla əlaqələndirəcəyik, həll edəcəyik, ən azı, məsələləri həll etməyə çalışacağıq, qəti qərarları bundan sonra qəbul edəcəyik.
SUAL: Mənim sualım Moldova Prezidenti cənab Vladimir Voroninədir. Cənab Prezident, bu gün Siz çıxışınızda GUAM-ın regionun digər ölkələri üçün açıq olması ilə əlaqədar bu təşkilatın adını dəyişdirməyi təklif etdiniz. Vladimir Nikolayeviç, Siz hansı ölkələri bu təşkilatın potensial yeni üzvləri kimi görürsünüz?
VLADİMİR VORONİN: Bəli, təklif etdim ki, adı dəyişdirib, Avropa Seçimi Birliyi qoyaq. Lakin bu tapşırıq Katibliyə və xarici işlər nazirlərinə göndərildi. İclasımızdan sonra onlar bu təklifə necə yanaşmaq barədə məlumat verəcəklər. Mən bir sıra ölkələri, o cümlədən Avropa İttifaqı ölkələrini, hər halda, yaxın vaxtlarda Aİ-nin üzvləri olacaq ölkələri, məsələn, Rumıniyanı, Bolqarıstanı görürəm. Bu, tamamilə normal haldır, xüsusən, haqqında danışdığımız enerji və yanacaq dəhlizləri çərçivəsində. Onlar çox yaxşı uyğun gəlirlər və bunda özləri də çox ciddi maraqlıdırlar. Məsələ səmərəlilikdədir. Əgər biz münasibətlərimizin səmərəli və keyfiyyətli olduğunu göstərsək, yeni səviyyəyə qalxsaq və bunu hiss etsələr, əlbəttə, təşkilat genişlənəcək və daha dərin inkişaf istiqaməti alacaqdır.