MƏDƏNİYYƏT
“Molla Nəsrəddin” jurnalının ilk nömrəsinin çapdan çıxmasının 107-ci ildönümü qeyd edilmişdir
Bakı, 10 aprel (AZƏRTAC). Aprelin 10-da Cəlil Məmmədquluzadənin ev-muzeyində “Molla Nəsrəddin” jurnalının ilk nömrəsinin çapdan çıxmasının 107-ci ildönümü münasibətilə “Molla Nəsrəddin-107” mövzusunda tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, muzeyin foyesində “Molla Nəsrəddin” jurnalının ilk nüsxələrinin, nəşrin çapa hazırlanmasında iştirakı olan insanların və jurnalın yaradıcı kollektivinin fəaliyyətindən bəhs edən geniş sərgi nümayiş olunmuşdur.
Muzeyin direktoru Pərixanım Mahmudova görkəmli yazıçı-publisist, mühərrir Cəlil Məmmədquluzadə və onun silahdaşlarının yaradıcılığından danışmış, jurnalın məqsəd və məramından söhbət açmışdır.
Tədbirdə Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurov, Mədəniyyət və Turizm Nazirliyinin muzey işi şöbəsinin müdiri Pakizə Almazova, Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı və başqalarının “Molla Nədrəddinçilər”, “Molla Nəsrəddin”in maarifçilik fəaliyyəti”, “Molla Nəsrəddin” və müasirlik” və s. mövzularda məruzələri dinlənilmişdir.
Sonda Bakıdakı 238 nömrəli məktəbin 5-ci sinif şagirdi, Nizami rayonundakı uşaq yaradıcılıq mərkəzi dram dərnəyinin üzvü Zeynalabdin Bağırzadə vaxtilə “Molla Nəsrəddin” jurnalında dərc olunmuş felyetonlardan nümunələr söyləmişdir.