Monteneqroda çalışan həmvətənlərimizlə görüş keçirilib
Podqoritsa, 15 iyun, AZƏRTAC
Monteneqroda fəaliyyət göstərən "Azmont" şirkəti tərəfindən həyata keçirilən “Portonovi” layihəsinin inşaat-quraşdırma işlərində iştirak edən şirkətlərin nümayəndələri və orada çalışan həmvətənlərimizlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın Monteneqrodakı səfiri Eldar Həsənov iqtisadi əlaqələrin inkişafında xüsusi yerə malik bu layihənin uğurla davam etməsinin əhəmiyyətini qeyd edib. Koronavirus pandemiyasının yaratdığı vəziyyətin bu şirkətlərdə çalışan vətəndaşlarımızın iş rejiminə, bütövlükdə layihənin gedişinə təsirsiz ötüşmədiyini bildirən səfir bununla belə, layihədə çalışanlar arasında virusa yoluxma halına rast gəlinməməsinin sevindirici olduğunu deyib.
Görüşdə Azərbaycan dövlətinin öz əhalisinin sağlamlığı və rifahının təmin olunması ilə bağlı gördüyü işlərdən danışılıb. Bu tədbirlərin bir sıra nüfuzlu beynəlxalq qurumlar, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirildiyi vurğulanıb. Yeni ixtisaslaşmış tibb müəssisələrinin açılması, qısa müddətdə tibbi maska və qoruyucu vasitələrin yerli istehsalına nail olunmasından danışan səfir Prezident İlham Əliyevin göstərişi ilə hökumətin 3 milyard manat məbləğində iqtisadi paket layihəsini həyata keçirdiyini, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradıldığını diqqətə çatdırıb.
Xaricdə yaşayan, xüsusilə COVID-19 pandemiyasının yayılması səbəbindən sərhədlərin bağlanması nəticəsində Vətənə qayıda bilməyən Azərbaycan vətəndaşlarına Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısından bəhs olunub.
Layihədə çalışan işçilər arasında işlərini başa vurmuş vətəndaşlarımızın koronavirusla əlaqədar tətbiq olunmuş beynəlxalq səyahət məhdudiyyətləri səbəbindən Vətənə geri dönə bilməmələrinə toxunan səfir maaşları saxlanmaq şərti ilə bu şəxslərin bütün ehtiyaclarının çalışdıqları şirkətlər tərəfindən qarşılanması ilə bağlı alınmış qərarın əhəmiyyətini vurğulayıb, bu qərara görə “Azmont” şirkətinin icraçı direktoru Rəşad Əliyevə və layihədə fəaliyyət göstərən digər şirkətlərin rəhbərlərinə təşəkkür edib.
Həmvətənlərimiz, işçi heyətin nümayəndələri pandemiya dövründə yaranmış çətin vəziyyətdə əhatə olunduqları qayğıya görə Azərbaycan Prezidentinə, səfirliyimizin kollektivinə və çalışdıqları şirkətlərin rəhbərliklərinə minnətdarlıq ediblər. Onlar Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyində yaradılmış qaynar xətt və “Monteneqroda yaşayan azərbaycanlılar” “Facebook” dostluq qrupu vasitəsilə mütəmadi olaraq operativ məlumat əldə etdiklərini, pandemiya şəraitində ölkəmizdə və Monteneqrodakı vəziyyət, həyata keçirilən tədbirlərlə tanış olduqlarını bildiriblər.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa