Moskva Yaradıcı Sənayelər Agentliyinin nümayəndələri Yüksək Texnologiyalar Parkında olublar
Bakı, 5 may, AZƏRTAC
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında (YTP) Moskva Yaradıcı Sənayelər Agentliyinin (Moscow Creative İndustries Agency) baş direktoru Gülnara Aqamova, baş direktorun birinci müavini Anastasiya Orlova, biznes missiyasının operatorları Mixail Kim, Antonina Yevdokimova və Nadejda Linnas ilə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a Yüksək Texnologiyalar Parkından məlumat verilib. Bildirilib ki, əvvəlcə qonaqlar texnoparkın nəzdində fəaliyyət göstərən Strateji Elmi Analitik Sınaq Mərkəzinin imkanları, burada fəaliyyət göstərən laboratoriyalar, müasir tələblərə cavab verən avadanlıqlarla yaxından tanış olublar. Qeyd edilib ki, mərkəzdə qaz və maye karbohidrogenlərin, neft və neft-kimya məhsullarının və istehlak mallarında toksik elementlərin sınaqları, eləcə də digər sınaq-təcrübə işləri həyata keçirilir.
Daha sonra texnoparkın rezidenti olan Təcrübə-Sənaye Zavodu ilə tanış olan nümayəndə heyətinə müəssisə haqqında ətraflı məlumat verilib. Zavodla tanışlıq zamanı müəssisənin sınaq laboratoriyası və anbarına baxış keçirilib.
Sonra YTP-nin digər rezidenti “Bakı Polimer İstehsalat” MMC-də istehsal prosesi ilə tanışlıq olub. Bildirilib ki, müəssisə Azərbaycanda qablaşdırma məhsullarının topdan və pərakəndə satışında aparıcı şirkətlərdən biridir.
YTP-nin baş direktoru Vasif Abbasov nümayəndə heyətinə texnoparkda həyata keçirilən layihələr, burada mövcud olan maddi-texniki baza və müasir tələblərə cavab verən iş şəraiti barədə ətraflı məlumat verib. Baş direktor görüşün Moskva Yaradıcı Sənayelər Agentliyi ilə innovasiya sahəsində birgə əməkdaşlıq imkanlarının müzakirəsi və Rusiyanın bu sahədəki zəngin təcrübəsinin YTP-də tətbiqinə nail olmaq baxımından əhəmiyyətini qeyd edib. V.Abbasov Rusiyanın Azərbaycanda biznes fəaliyyətinə başlamaq istəyən investor və şirkətləri üçün YTP-də potensial şəraitin mövcud olduğunu bildirib.
Daha sonra çıxış edən agentliyin baş direktoru Gülnara Aqamova rəhbərlik etdiyi şirkət haqqında məlumat verib. G.Aqamova Moskva Yaradıcı Sənayelər Agentliyinin YTP ilə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını bildirib.
Sonda iki qurum arasında əməkdaşlıq perspektivləri müzakirə olunub, təkliflər səsləndirilib.