MOSKVADA AZƏRBAYCAN VƏ RUSİYA DİNİ LİDERLƏRİNİN GÖRÜŞÜ KEÇİRİLMİŞDİR
Azərbaycan ənənəvi dinlərin nümayəndələri arasında xeyirxah əməkdaşlıq nümunəsi nümayiş etdirir.
Bu sözləri Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksi Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə aprelin 9-da keçirilən qeyri-rəsmi görüşündən sonra bildirmişdir. Patriarx xüsusi vurğulamışdır ki, Azərbaycanda yaxşı dini ab-hava var, müxtəlif dinlərin nümayəndələri arasında münasibətlər tolerantlığa əsaslanır.
II Aleksi A.Paşazadə ilə budəfəki görüşünü yüksək qiymətləndirərək qeyd etmişdir ki, şeyxülislamla görüşlər həmişə qardaşlıq və səmimilik şəraitində keçir. O demişdir: “Biz din xadimlərinin səsinin təkcə din xadimlərinin deyil, siyasətçilərin də eşitməsinin vacibliyindən danışdıq. Din xadimlərinin ötən il Moskvada keçirilən zirvə görüşündə deyilənlər siyasətçilər tərəfindən eşidilmişdir”.
Moskvanın və bütün Rusiyanın patriarxı Qafqaz Müsəlmanları İdarəsi sədrinin MDB din xadimlərinin geniş heyətdə iclasının Bakıda keçirilməsi təklifini məmnuniyyətlə dəstəkləmişdir.
AZƏRTAC-ın xüsusi müxbirinin “dini liderlərin bu cür görüşləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərə bilərmi” sualına cavab verən patriarx bildirmişdir ki, bu məsələ ilə əlaqədar bir neçə görüş keçirilmişdir. O demişdir: “Siyasətçilər heç də həmişə bizi eşitmirlər, təsadüfi hallarda bizimlə hesablaşırlar. Ancaq dini liderlərin səsi BMT tribunasından gələrsə, siyasətçilərin qulağına tez çatar”.
Şeyxülislam A.Paşazadə görüşü yüksək qiymətləndirərək bildirmişdir ki, bu cür görüşlər həmişə dostluq, qardaşlıq və səmimilik şəraitində keçmişdir. O demişdir: “ Bu görüşlər həmişə səmərəli olmuşdur, çünki iki din arasında dialoq və tolerantlığın, dünya dinləri arasında dostluğun və qardaşlığın möhkəmləndirilməsi üçün böyük imkanlar açır”. Onun sözlərinə görə, budəfəki görüşün əsas müzakirə mövzularından biri münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması olmuş, xüsusi vurğulanmışdır ki, münaqişlər ədalətlilik prinsipi əsasında, din xadimlərinin iştirakı ilə dinc yolla həll olunmalıdır, siyasətçilər də buna kömək etməlidirlər.
Allahşükür Paşazadə əlavə etmişdir ki, aprelin 10-da BMT baş katibinin dünya din xadimləri ilə Moskvada keçiriləcək görüşündə iştirak edəcəkdir. O demişdir: “Bu görüşlərdən istifadə edərək Azərbaycanın potensialını, onun dünyada nüfuzunu bir daha nümayiş etdirməyə çalışacağam. Bütün bunlar əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin real nəticəsidir. Biz həyatımızın bütün sahələrində, o cümlədən din sahəsində bu misilsiz nəticələrin şahidiyik”.
Azərbaycan və Rusiyanın dini liderlərinin qeyri-rəsmi görüşü Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksinin Müqəddəs Danilov monastrındakı iqamətgahında keçirilmişdir. Bakının və Xəzəryanı bölgənin arxiereyi Aleksandr Atanın, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun iştirak etdikləri görüşdə dinlərarası əməkdaşlıq və dialoq məsələləri müzakirə olunmuşdur.
######
