Moskvada tətbiq edilən qeyri-iş günləri koronavirus xəstələrinin sayının azalmasına səbəb olub
Moskva, 12 noyabr, AZƏRTAC
Moskvada oktyabrın 28-dən noyabrın 7-dək tətbiq edilən qeyri-iş günləri koronavirus xəstələrinin sayının azalmasına səbəb olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin jurnalistlərə məlumat verib. O deyib ki, Prezident Vladimir Putinin Fərmanı ilə tətbiq edilən qeyri-iş günləri paytaxtda xəstəliyin yayılmasının qarşısını xeyli alıb.
Eyni zamanda, ekspertlər qeyri-iş günlərinin tətbiqi nəticəsində biznesin ümumilikdə bir neçə milyard rubl vəsait itirdiyini də bildirirlər. Məsələn, ticarət mərkəzlərindəki dükanların arendatorları, gözəllik salonları, fitnes klubları 2 milyard rubla yaxın itki ilə üzləşiblər.
Fitnes İndustriyası Operatorları Assosiasiyasının prezidenti Olqa Kiselyovanın sözlərinə görə, Moskvada bu sahədə çalışan müəssisələr 1 milyard 900 min rubl itki verib və fitnes sahəsinin tezliklə bərpası gözlənilmir. Belə ki, Moskvanın fitnes klublarının müştərilərinin sayı azalıb. İnsanlar məhdudiyyətlərin təkrar olunacağından çəkinib, məşqləri davam etdirmirlər.
Ekspertlərin hesablamalarına görə, Moskvada fəaliyyət göstərən 16 min 500-ə yaxın gözəllik salonunun hər biri oktyabrın 28-dən noyabrın 7-dək 400-700 min rubl vəsait itirib.