SİYASƏT
MÜDAFİƏ NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN M Ə L U M A T I
Aprelin 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Litla Respublikası müdafiə nazirinin müavini cənab Povilas Malakauskası qəbul etmişdir.
Müdafiə naziri Litva Müdafiə Nazirliyinin ilk nümayəndəsini qəbul etməkdən məmnun olduğunu vurğuladı.
General-polkovnik S.Əbiyevə təşəkkür edən cənab P.Malakauskas Litva Respublikası müdafiə nazirinin salamlarını ona çatdırmış və onun ölkəsinin Azərbaycan Respublikası ilə hərbi əməkdaşlığa başlamaq arzusunda olduğunu bildirmişdir.
General-polkovnik S.Əbiyev əməkdaşlığın heç zaman ziyan gətirmədiyini vurğulayaraq, bu xeyirxah məqsədi təqdir etdiyini söyləmişdir.
Litva Respublikası Silahlı Qüvvələrinin “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO ilə sıx əməkdaşlıq etdiyini bildirən cənab P.Malakauskas NATO-nun əksər məsələlərdə onları dəstəklədiyi barədə Azərbaycanın müdafiə nazirinə məlumat vermişdir. O demişdir: “NATO rəhbərlərinin Praqa sammitini səbrsizlik və ümidlə gözləyirik”.
Sonra general-polkovnik S.Əbiyev Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, yaranma səbəbləri və ağır nəticələri haqqında, Cənubi Qafqaz regionunda hazırda mövcud olan hərbi-siyasi vəziyyət barəsində qonaqla fikir mübadiləsi etmişdir. O, demişdir: “Ermənistan Respublikası terrorçuluq və işğalçılıq siyasəti yürüdən, separatizmi dəstəkləyən bir dövlətdir. O qısa müddət ərzində Azərbaycan Respublikasının ərazisində 32 terror aktı keçirmiş, nəticədə 2 mindən artıq Azərbaycan vətəndaşı həlak olmuşdur”.
Sonra general-polkovnik S.Əbiyev fikrini davam etdirərək söyləmişdir ki, Ermənistan Azərbaycan xalqına qarşı bu fəlakətləri Çar Rusiyası və Sovet İmperiyası dövründə onun arxasında dayanan qüvvələr hesabına həyata keçirmiş və regionda bir jandarm rolunu oynamağa çalışmışdır. Lakin bu gün onun bu siyasəti baş tutmayacaqdır. Çünki Azərbaycan Respublikası müstəqil dövlətdir, onun güvəndiyi formalaşmış Silahlı Qüvvələri vardır və o öz müstəqilliyini qorumağı bacarır. Artıq Ermənistan yad əllərdə bir alət olduğunu başa düşməli və regionda yeritdiyi siyasətdən əl çəkməlidir.
Müdafiə naziri demişdir: “Təəssüf olsun ki, Ermənistanın regionda işğalçılıq siyasəti yeritdiyini bilən və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən dünya ictimaiyyəti təcavüzkar Ermənistana təsir etmir. Hesab edirəm ki, Ermənistanı yerində oturtmaq vaxtı çatmışdır”.
General-polkovnik S.Əbiyev sonra qonağı maraqlandıran suallara cavab vermişdir.