SİYASƏT
MÜDAFİƏ NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Aprelin 15-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev onun dəvəti ilə Bakıda rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Müdafiə katibi, istefada olan general-leytenant Həmid Nəvaz Xanı və Pakistan nümayəndə heyətinin üzvlərini qəbul etmişdir.
Qonaqları salamlayan general-polkovnik S.Əbiyev demişdir ki, Azərbaycan-Pakistan hərbi əməkdaşlığının əsasları Azərbaycan Respublikası və Pakistan İslam Respublikası prezidentlərinin rəsmi səfərləri zamanı qoyulmuşdur və uğurla inkişaf etdirilir.
Sonra müdafiə naziri Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və ağır nəticələri haqqında qonaqlara ətraflı məlumat vermişdir.
Minnətdarlığını bildirən Cənab Həmid Nəvaz Xan səmimi qəbula və yüksək qonaqpərvərliyə görə təşəkkür etmişdir.
Sonra tərəflər beynəlxalq və regional təhlükəsizlik, terrorizm, təcavüzkar separatizm və cinayətkar ekstremizm ilə mübarizə, ikitərəfli hərbi əməkdaşlığın istiqamətləri, hərbi kadrların hazırlanması sahəsində gələcək əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi etmişlər.
Görüşün sonunda “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Müdafiə Nazirliyi arasında müdafiə və hərbi sahələrdə ikitərəfli əməkdaşlıq üzrə protokol” imzalanmışdır.
Azərbaycanın müdafiə naziri S.Əbiyevin və Pakistanın müdafiə katibi Həmid Nəvaz Xanın imzaladıqları sənəddə deyilir ki, tərəflər dostluq və səmimi şəraitdə faydalı müzakirələr və hər iki qardaş ölkənin silahlı qüvvələri və xalqları üçün qarşılıqlı maraq doğuran məsələlər, beynəlxalq və regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi apararaq, Azərbaycan Respublikasının və Pakistan İslam Respublikasının milli suverenliyini və ərazi bütövlüyünü vurğulayaraq, beynəlxalq terrorizm, təcavüzkar separatizm və cinayətkar ekstremizm təhlükələrinə qarşı mübarizədə fəaliyyətlərin birləşdirilməsi və gücləndirilməsinin əhəmiyyətini qeyd etmişlər.
Tərəflər, müdafiə və hərbi sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin və gücləndirilməsinin zəruriliyini qeyd edərək, belə əməkdaşlıq üçün hüquqi-normativ əsasların işlənib hazırlanması məqsədi ilə ikitərəfli ekspert qrupunun yaradılması, Pakistanın hərbi təhsil müəssisələrində Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hazırlanmasının davam etdirilməsi, eləcə də hərbi-texniki sahədə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi barədə,
müdafiə və hərbi əməkdaşlığın bütün digər sahələrində qarşılıqlı fəaliyyətin genişləndirilməsi məqsədi ilə hər il nümayəndələrin görüşlərinin keçirilməsi haqqında razılığa gəlmişlər.
Protokol imzalandıqdan sonra kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirilmiş, general-polkovnik S.Əbiyev və cənab Həmid Nəvaz Xan jurnalistlərin suallarına cavab vermişlər.
Görüşdə Pakistanın Bakıdakı səfiri Faiz Məhəmməd Xoso iştirak etmişdir.