MÜDAFİƏ NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Aprelin 17-də Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Çinin Bakıdakı səfiri Çjan Siyunu qəbul etmişdir.
Nazir bildirmişdir ki, 2001-ci ilin mayında Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Pekində olmuş, ötən il isə ÇXR Silahlı Qüvvələrinin nümayəndə heyəti Bakıya rəsmi səfərə gəlmişdir. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri Pekində Hərbi Akademiyada təhsil alırlar.
Cənab Ç.Siyun general-polkovnik Səfər Əbiyevə ÇXR-in müdafiə naziri general-polkovnik Çi Xaotyanın salamını çatdırmış, Çin-Azərbaycan hərbi əməşkdaşlığını davam etdirmək üçün əlverişli şərait yarandığını vurğulamışdır.
General-polkovnik S.Əbiyev demişdir ki, Azərbaycan Respublikası vahid Çin ideyasını həmişə dəstəkləyir. Azərbaycanın ən ağrılı problemi Dağlıq Qarabağ məsələsidir. Ermənistan işğal olunmuş ərazilərdə külli miqdarda uçotsuz silah və sursat toplamışdır. Dağlıq Qarabağ narkotik maddələrin istehsalı mərkəzinə və tranzit yoluna çevrilmişdir. Eyni zamanda Ermənistan bu ərazilərdə terrorçu qruplar hazırlayan mərkəzlər yaratmışdır. Biz münaqişənin sülh yolu ilə ədalətli həllində Çinin dəstəyinə ehtiyac duyuruq.
Səfir Ç.Siyun bildirmişdir ki, Çin onun ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycan rəhbərliynə minnətdardır və öz növbəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Dağlıq Qarabağ probleminə gəldikdə isə, Çin onun dinc yolla həllində əlindən gələn köməyi əsirgəməyəcəkdir.
Sonra general-polkovnik S.Əbiyev qonağı maraqlandıran suallara cavab vermişdir.