Müdafiə Nazirliyinin Mərkəzi İdman Klubunun voleybol komandası Azərbaycan çempionatında iştirak edəcək
Bakı, 7 noyabr, AZƏRTAC
Voleybol üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatlarında 2023-2024-cü illər mövsümünə start verilib. Çempionatda Müdafiə Nazirliyinin Mərkəzi İdman Klubunun (MİK) voleybol komandası da iştirak edəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakı İdman Sarayında keçirilən açılış mərasimində Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev, Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Bəhruz Quliyev, Azərbaycan Voleybol Federasiyasının İdarə heyətinin üzvləri, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandar Boriçiç, Avropa Voleybol Konfederasiyasının vitse-prezidenti Renato Arena, Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ, Bolqarıstan Voleybol Federasiyasının prezidenti Lyubomir Qanev, MİK-in rəisi polkovnik-leytenant Ramiq Orucov və digər qonaqlar iştirak ediblər.
Çempionatda kişilər arasındakı yarışda MİK-in “MOİK” komandası “AZERRAIL”, “Xarıbülbül Laçın”, “Xarıbülbül Şuşa”, “Murov Az Terminal” və “Neftçi” komandaları ilə mübarizə aparacaq.
Reqlamentə əsasən 4 dövrədən ibarət olan və dairəvi sistem üzrə keçiriləcək çempionatda ilk dörd pilləni tutan komandalar play-off mərhələsinə yüksələcəklər.
Təmsilçimiz ilk oyununu noyabrın 8-də “Xarıbülbül Şuşa” komandasına qarşı keçirəcək.