Müəllimlər arasında keçirilən ixtisas olimpiadasının qalibləri mükafatlandırılıb YENİLƏNİB
Bakı, 5 fevral, AZƏRTAC
Fevralın 5-də Nizami Kino Mərkəzində Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) dəstəyi, “Libra” kitab nəşriyyatının baş sponsorluğu ilə reallaşdırılan müəllimlər arasında ixtisas olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə bu qurumların nümayəndələri ilə yanaşı, ali təhsil müəssisələrinin rektorları da iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən müəllimlər arasında ixtisas olimpiadası layihəsinin rəhbəri Xəyal İbrahimzadə olimpiadanın III və IV kurs tələbələrinin və hazırda işləyən 30 yaşadək müəllimlərin stimullaşdırılması, sağlam gəncliyə dəstək olmaq məqsədilə keçirildiyini bildirib.
O məlumat verib ki, “Sən də ixtisas olimpiadasına qoşul, biliyini hamıya sübut et!” şüarı ilə keçirilən olimpiada iki mərhələdə təşkil olunub. Respublikamızı əhatə edən layihədə müəllimlər Bakıda 3, Sumqayıtda 1, Lənkəran və Gəncə şəhərlərində 1 olimpiada məntəqəsində öz biliklərini sınayıblar. Olimpiadanın Azərbaycan Dövlət Pedaqoji Universitetində təşkil olunan final mərhələsində doqquz ixtisas üzrə 354 nəfər iştirak edib. Finalçılar yazılı imtahanda 150 dəqiqə ərzində dördü ixtisas, biri isə metodika üzrə olmaqla beş sualı cavablandırıblar.
Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin direktoru İlkin Həsənov rəhbərlik etdiyi müəssisənin fəaliyyətindən danışıb. Diqqətə çatdırıb ki, mərkəzin məqsədi səriştəli müəllimlərin yetişdirilməsinə dəstək olmaqdır. Mərkəz Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov vurğulayıb ki, bu cür layihələrin həyata keçirilməsi savadlı gənclərin üzə çıxarılmasına töhfə verir, onların stimullaşdırılmasında mühüm rol oynayır.
Gənclər və İdman Nazirliyinin Tələbə və tələbə təşkilatları ilə iş sektorunun müdiri Elşən Hüseynov, YAP Gənclər Birliyinin nümayəndəsi Elnar Alməmmədov, ATGTİ-nin sədri Faiq Məmmədov və başqaları çıxışlarında vurğulayıblar ki, Azərbaycanın dövlət siyasətində insan kapitalına xüsusi diqqət ayrılıb. Çünki insan xalqın tükənməyən sərvətidir.
Tədbirdə 9 ixtisas üzrə I, II və III yerləri qazanan 27 qalib mükafatlandırılıb.
Mərasim bədii hissə ilə davam edib.