MÜƏLLİMLƏR İNSTİTUTUNUN ZAQATALA FİLİALINDA ELMİ-NƏZƏRİ KONFRANS
AZƏRTAC-ın müxbiri xəbər verir ki, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü münasibətilə Azərbaycan Müəllimlər İnstitutu Zaqatala filialında “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir.
Konfransda filialın direktoru Tovuz Eminli xalqımızın ümummilli lideri Heydər Əliyevin nəsillərə nümunə olan zəngin həyat yolu və çoxsahəli fəaliyyətinin ən önəmli məqamlarına toxunmuş, ulu öndərin 85 illik yubileyi ilə bağlı həyata keçirilən silsilə tədbirlər, müsabiqələr barədə məlumat vermişdir.
Ümummilli liderimizin həyatından bəhs edən “Elegiya” filminin nümayişindən sonra filialın tələbələri ulu öndərə həsr etdikləri ədəbi-bədii kompozisiya ilə çıxış etmişlər.
Konfransda filialın müəllimi, müharibə və əmək veteranı Nadir Əliyevin “Heydər Əliyev mənim həyatımda” və müəllim Mübariz Hudulovun “Milli müstəqilliyimizin qorunmasında Heydər Əliyevin rolu” mövzularında məruzələri dinlənilmişdir.
Sonra ulu öndərə həsr olunmuş inşa-yazı müsabiqəsinin qalibləri - I kurs tələbələri Aytən Əfəndiyeva “Bütün zamanlardan uca şəxsiyyət”, Nigar Umarova “Heydər Əliyev və Azərbaycan gəncliyi” və III kurs tələbəsi Ülfət Mustafayeva “Ən böyük azərbaycanlı, ən böyük ziyalı” mövzularında çıxış etmişlər.
Konfransda Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini Zümrüd Ağakişiyeva çıxış edərək ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan elminin, təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın inkişafındakı əvəzsiz xidmətlərindən danışmış, dahi şəxsiyyətin dövlətçiliyimizin qorunması və möhkəmlənməsinə, respublikamızın iqtisadi tərəqqisinə gətirib çıxarmış siyasi xəttinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulamışdır.
Konfransın sonunda “Heydər Əliyev-85” mövzusunda keçirilən inşa-yazı müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilmişdir.