Müəssisə istehsalat təcrübəsi keçən tələbələrə əməkhaqqı ödəyir
Bakı, 6 aprel, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsində, “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunda istehsalat təcrübəsinə cəlb olunublar.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, tələbələr tədris prosesində bilmədiklərini təcrübə müddətində öyrənə bilir və ixtisaslarına mükəmməl yiyələnirlər.
Universitetin inşaat fakültəsinin tələbələri isə istehsalat təcrübəsini “ARCHİCO” MMC-nin tikinti obyektlərində keçirlər. İnşaat mühəndisliyi ixtisasında oxuyan 30 tələbə şirkətin iş prosesinə cəlb olunaraq nəzəri biliklərini təcrübədə möhkəmləndirirlər. Fakültənin inşaat konstruksiyaları kafedrasının müdiri Muxlis Hacıyevin sözlərinə görə, təcrübə müddətində tələbələr tədrisdə, dərsdə qazandıqları bilikləri iş prosesində tətbiq etməyi öyrənir, eyni zamanda, gələcək karyeralarını qurmaq yolunda ilk addımlarını atırlar. M.Hacıyev onu da vurğulayıb ki, bu müəssisə tələbələrə gördükləri işin müqabilində əməkhaqqı da ödəyir. Belə ki, günortaya qədər çalışan tələbələr 200 manat, günün ikinci yarısına qədər işləyənlər isə 400 manat əməkhaqqı alacaq.