Muğam Mərkəzində “Klassik musiqi inciləri” layihəsi çərçivəsində konsert olub
Bakı, 31 may, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzində “Klassik musiqi inciləri” layihəsi çərçivəsində konsert təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbiri açan Bakı Musiqi Akademiyasının professoru Hökumə Əliyeva Azərbaycanın dünya mədəniyyətinə klassik musiqinin görkəmli nümayəndələrinin bütöv bir pleyadasını bəxş etdiyini iştirakçıların nəzərinə çatdırıb. Belə musiqiçilərdən biri akademiyanın baş müəllimi, pianoçu Arzu Səfərovadır. H.Əliyeva deyib: “Bu gün hamı tərəfindən sevilən müəllimə Arzu Səfərovanın yaradıcılıq gecəsidir. Onun tələbələri böyük nailiyyətlər qazanıblar. İstedadlı pianoçu olaraq, A.Səfərova ölkəmizi beynəlxalq festival və müsabiqələrdə layiqincə təmsil edir”.
Sonra Əməkdar artistlər Təranə Əliyeva, Elçin Həşimov, Elnur Əhmədov, Ələkbər Ələkbərov, həmçinin Rövşən Qurbanov, Fərid Quliyev, Nahid Məmmədov, Aytən İbrahimova, Mehri Əsədullanın ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi muğam, aşıq sənəti, klassik musiqi, müxtəlif xalqların etnik musiqisinə həsr olunan “Muğam axşamları”, “Aşıq musiqisi axşamları”, “Etnik musiqi inciləri”, “Unudulmayanlar”, “Dastan gecələri” kimi bir sıra layihələr həyata keçirir.