MÜHACİR ƏDƏBİYYATI YÜZ İL SONRA
AZƏRTAC xəbər verir ki, mayın 31-də Rusiyanın ölkəmizdəki səfirliyi, Rusiya XİN yanında Beynəlxalq Elmi və Mədəni Əməkdaşlıq Mərkəzinin nümayəndəliyi, Azərbaycanın rus icması və “Luç” Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyası “Mühacir ədəbiyyatı rus-Azərbaycan əlaqələri kontekstində” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirmişlər.
Assosiasiyanın sədri, çoxsaylı tənqidi materialların, tədris vəsaitlərinin müəllifi professor Həsən Quliyev konfransı açaraq bildirmişdir ki, mühacir ədəbiyyatı həmişə XX əsrin sovet ədəbiyyatı kimi qəbul edilmişdir. Lakin ölkəmiz müstəqillik əldə etdikdən sonra Azərbaycan ədəbiyyatının böyük bir qatının hələ də öyrənilmədiyi barədə düşünməyə başladıq.
Alimin sözlərinə görə, diqqəti cəlb edən çoxsaylı axtarış istiqamətləri vardır. Məsələn, Azərbaycanın mühacir yazıçılarının parlaq nümayəndələrindən biri vaxtilə Türkiyəyə mühacirət etmiş Almas İldırımdır. Qərb istiqaməti də adlarla zəngindir. Yeri gəlmişkən, onların əsərləri indiyədək nə Azərbaycan dilinə tərcümə olunmuş, nə də nəşr edilmişdir. H.Quliyev demişdir: “Bütün bu yazıçılar, şair demişkən, yalnız bir alovlu məhəbbəti tərənnüm etmişlər. Bir qismi itirilmiş Vətənin eşqilə yanmış, digər qismi isə Vətənə zorla qəbul etdirilmiş yeni ideologiyaya qarşı çıxmışdır. Burada qəribə heç nə yoxdur. Azərbaycan mühacirətinin iki dalğası acınacaqlı taleli, yurdsuz, oxucu auditoriyası olmayan insanlardan ibarət idi. Onlar doğmalarını, yaxınlarını itirsələr də, istedadlarını itirməmişdilər. Qazandıqları isə siyasi sifariş olmadan əsərlər yaratmaq azadlığı idi”.
Konfransda filoloq Raisa Abdullayeva, Milli Arxiv İdarəsinin əməkdaşı, şairə Gülxan İmanova, BSU-nun kafedra müdiri, professor Rafiq Novruzov, jurnalist Svetlana Kuroçkina və başqaları “Rus mühacir yazıçıları”, “Mühacir yazıçıların ədəbi fəaliyyəti ilə bağlı yeni materialların axtarışı”, “Ceyhun Hacıbəyli mühacir ədəbiyyatının görkəmli nümayəndəsi kimi” mövzularında məruzələrlə çıxış etdilər.