CƏMİYYƏT
Müharibə veteranları və şəhid ailələri üçün ödənişsiz tibbi aksiya keçirilib
![](/files/galleryphoto/2022/3/1200x630/16652206016239454357_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16652206014175312826_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16652206012118762993_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1665220602576441139_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16652206022518138123_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16652415635306455030_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16652415634275349387_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1665241564721214243_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16652415646525218580_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1665241564288746697_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16652415642536452965_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16652415646278334942_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1665241564594735388_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16652415641621062014_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1665241564257063100_1200x630.jpg)
Gün ərzində həssas təbəqədən olan vətəndaşlara 504 adda xidmət göstərilib
Bakı, 8 oktyabr, AZƏRTAC
Oktyabrın 8-də Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının və “Facharzt”ın təşəbbüsü, Sağlam Ailə Tibb Mərkəzinin təşkilatçılığı, Sosial Xidmətlər Agentliyi və Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə peşəsi müəllim olan müharibə veteranları və şəhid ailələrinin üzvləri üçün ödənişsiz aksiya təşkil olunub.
AZƏRTAC xəbər verir ki, oftalmoloq, otorinolorinqoloq, baş-boyun cərrahı, damar cərrahı, travmatoloq-ortoped, uroloq, terapevt, stomatoloq ixtisası üzrə Almaniyadan gələn bir qrup azərbaycanlı həkim heyəti, nevroloq, ginekoloq, pediatr, şüa diaqnostikası üzrə Sağlam Ailə Tibb Mərkəzinin həkimləri tərəfindən ödənişsiz müayinələr aparılıb. Vətəndaşlar həkim təyinatlarına əsasən laborator müayinələrdən də ödənişsiz şəkildə keçiblər. Müayinələrin nəticələrindən asılı olaraq xəstəlik aşkarlanan vətəndaşlara müvafiq müalicə kursları təyin edilib. Həmçinin sonrakı mərhələdə zərurət olduqda isə cərrahi əməliyyatlar həyata keçiriləcək.
Vətən müharibəsi şəhidi Nurlan Quliyevin anası Zülfiyyə Quliyeva, qazi Vahid Baxşəliyev aksiyaya görə təşkilatçılara minnətdarlığını bildirib, göstərilən xidmətlərdən, o cümlədən dövlətin şəhid ailələri və qazilərə qayğıkeş münasibətindən razılıqlarını ifadə ediblər.
Media nümayəndələri ilə keçirilən görüş zamanı “Sağlam Ailə” Tibb Mərkəzləri Qrupunun icraçı direktoru Nigar Rüstəmli bildirib ki, iki il ərzində mərkəz qazilər və şəhid ailələrinə yüksək səviyyədə xidmət göstərib: “Bu, bizim vətəndaşlıq borcumuzdur. Layihəni silsilə şəklində davam etdirməyi nəzərdə tutmuşuq. Hamımız birləşib həssas qruplara öz dəstəyimizi göstərəcəyik”.
Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının sədri Oqtay Mehdiyevin sözlərinə görə, assosiasiya 2020-ci ildən etibarən müxtəlif layihələr həyata keçirir: “Müharibə dövründə ön cəbhədə xidmətlər göstərmişik, həmçinin müharibədən sonra azad edilmiş ərazilərdə də fəaliyyətimizi davam etdiririk. Regionlarda şəhid ailələri və qazilərin sağlamlığının qorunması ilə əlaqədar layihə icra olunur. Layihələr zamanı xəstəlik aşkar edilənləri paytaxta dəvət edir və onların müalicəsi ilə məşğul oluruq. Məqsədimiz şəhid ailələri və qazilərin hər birinin ev həkimi olmaqdır. Onlarla mütəmadi olaraq əlaqə saxlayırıq. Hər bir qazi, şəhid ailəsi onların arxasında böyük həkim ordusu durduğunu hiss etməlidir. Şəhid ailələri və qazilərə qayğı bütün dövlət qurumları tərəfindən həyata keçirilir. Bizim məqsədimiz dövlətin həssas təbəqə ilə bağlı apardığı siyasətə dəstək olmaqdır. İstəyirik ki, dövlət dəstəyi ilə yanaşı, özəl sektorda olan müəssisələr, həkimlər həmin qəbildən olan vətəndaşlara dəstək olsun. AKHA paytaxtdakı özəl klinikalarla mütəmadi əlaqə yaradır, əməkdaşlıq edir. Hazırda 10-dan çox özəl klinika ilə əməkdaşlığımız var. Qazilərin, şəhid ailələrinin müraciətləri olduqda onları həmin müəssisələrə yönləndiririk və orada bu qəbildən olan vətəndaşlara yüksək səviyyədə tibbi xidmət göstərilir.
Sevindirici haldır ki, bugünkü layihə çərçivəsində təkcə ölkə daxilində deyil, ölkə xaricində fəaliyyət göstərən həkimlər də bu işlərə dəstək olur. Gələcəkdə də belə təşəbbüsləri mütəmadi olaraq davam etdirəcəyik”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sosial tərəfdaşlarla iş departamentinin müdiri Səbuhi Qənbərzadə bugünkü aksiyanı müharibə veteranları və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin onlara dəstək verilməsi məqsədilə həyata keçirilən tədbirlərdən biri kimi qiymətləndirib. O, bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən postmüharibə dövründə ümumilikdə 100 mindən çox şəxsə 190 mindən çox xidmət göstərilib: “Göstərilən xidmətlər müxtəlifdir. Məşğulluq, reabilitasiya, mənzil və avtomobillə təminatla bağlı işləri paralel şəkildə aparırıq. Belə aksiyalar zamanı da dəstəyimizi əsirgəmirik”.
“Facharzt” platformasının həmtəsisçisi, Almaniyada qulaq burun boğaz, üz estetik cərrahı kimi fəaliyyət göstərən Cavid Hüseynzadə həmin platformada Almaniya və Avropada çalışan həkimlərin bir araya gətirildiyini qeyd edib. Onun sözlərinə görə, aksiyaya 12 fərqli ixtisas həkimləri ilə qoşulublar: “Xaricdə yaşamağımıza baxmayaraq, Azərbaycanda gedən prosesləri daim izləyirik. Qazilərimiz və şəhidlərimizin ailələri dünyanın ən müasir tibb xidmətinə layiqdirlər. Avropada əldə etdiyimiz təcrübələri burada bölüşməkdən çox məmnunuq. İl ərzində bir neçə dəfə xaricdə yaşayan həkimləri ölkəyə gətirərək qazilərimizə və şəhid ailələrinə xidmət göstərmək niyyətindəyik.
“Sağlam Ailə” Tibb Mərkəzləri Qrupunun ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin rəhbəri Ayna Rəsulova bildirib ki, bu gün ərzində həssas təbəqədən olan vətəndaşlara 504 adda xidmət göstərilib.