Mühəndislik tədqiqatları ilə bağlı vebinar təşkil olunub
Bakı, 20 may, AZƏRTAC
Təhsil İnstitutu “Mühəndislik tədqiqatı innovasiyanın mühərriki kimi” adlı vebinar keçirib. Tədbir “İş dünyası və ali təhsildə trendlər” vebinarlar silsiləsi çərçivəsində reallaşıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, vebinarda spiker qismində Roma Sapienza Universitetində Elektrik, elektronika və nanotexnologiya mühəndisliyi üzrə doktorantura təhsili alan Orxan Kərimzadə çıxış edib.
O.Kərimzadə mühəndislik tədqiqatı, innovasiya, tədqiqat layihələrinin maliyyələşdirilməsi, Cənubi Koreya təcrübəsi və Azərbaycanda mühəndislik tədqiqatlarının inkişafı üçün təkliflər haqqında məlumat verib. Məruzəçi mühəndislik tədqiqatlarının tətbiqi xarakter daşıdığını vurğulayıb, innovasiya və onun modelləri, həmin modellərin bir-birindən fərqli və üstün cəhətlərini qeyd etdikdən sonra tədqiqatların maliyyələşməsində Cənubi Koreya, ABŞ, Almaniya və Birləşmiş Krallığı nümunə gətirib. Verilən məlumata görə, bu dövlətlərdə tədqiqatların maliyyələşməsinin böyük hissəsi özəl sektor və sənayenin üzərinə düşür. Cənubi Koreyanın dünyanın inkişaf etmiş ölkələrindən biri olmasının arxasında elmi tədqiqatlar və texnologiyalara ayrılmış yatırımların dayandığı bildirilib.
Məruzəçi Azərbaycanda mühəndislik tədqiqatlarının inkişafı üçün beynəlxalq əməkdaşlıq, maliyyələşmə mexanizmləri, tədris planları, professorların dərs yükü, doktorantura pilləsinin təkmilləşdirilməsi və elmi diasporun rolu kimi amillərdən də bəhs edib.
O, 150-dən çox təhsil idarəçisi, işçi, sənaye sahəsinin nümayəndəsi və tələbənin qatıldığı tədbirin sonunda iştirakçıların suallarını cavablandırıb.
Karyerasını elmi-tədqiqat və akademik fəaliyyət üzrə davam etdirən Orxan Kərimzadə hazırda günəş elektrik stansiyaları üçün inverter qurğularının layihələndirilməsi üzərində çalışır. O, Yaponiyanın “Hitachi” şirkətində qonaq tədqiqatçı olaraq çalışdığı zaman elektrik avtomobilləri üçün ultra sürətli şarjlama alətlərində çevirici qurğuları dizayn edib.