MURAD KAJLAYEVİN 75 İLLİK YUBİLEYİ QEYD EDİLMİŞDİR
Dünya şöhrətli musiqiçinin istedadının pərəstişkarları – həmkarları, siyasətçilər və Rusiya ictimaiyyətinin nümayəndələri onu təbrik etmək üçün P.İ.Çaykovski adına konsert salonuna toplaşmışdılar.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu dahi Qara Qarayevin şagirdini təbrik edərək demişdir ki, Murad Kajlayev parlaq və olduqca dolğun həyat yolu keçmişdir. O, balet və simfonik musiqidən tutmuş caz musiqisi, romans və balladalaradək müxtəlif janrlarda gözəl əsərlər yaratmışdır. Öz yaradıcılığında, əslində, ağlasığmaz nəticələrə nail olmuşdur. Bəstəkar daim peşəkarlığın zirvəsində qalmış, musiqi sərrafları arasında əsil şöhrət qazanmışdır. P.Bülbüloğlu xüsusi vurğulamışdır ki, M.Kajlayev böyüyüb boya-başa çatdığı Bakıda, habelə Moskva və Mahaçqalada həmişə arzuolunan qonaqdır.
Gecədə Rusiya Prezidenti Vladimir Putinin, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, Rusiyanın və digər ölkələrin bir çox tanınmış ictimai xadimlərinin və sənət adamlarının təbrik məktubları oxunmuşdur.
Y.Silantyev adına Akademik Böyük Konsert Orkestrinin və Moskva Akademik Kamera Xorunun ifasında yubilyarın – “Dağlı qadın” baletindən parçalar, “İmam Şamil” simfonik illüstrasiyaları, “Mahnının yaranması” vokal-xor silsiləsi, “Fərhad və Şirin” lirik səhifələri səslənmişdir.