Musiqi ilə döyünən 92 illik ömür FOTO VİDEO
Cəlilabad, 5 fevral, İlkin Adıyev, AZƏRTAC
“Saz, tar və digər simli musiqi alətləri ömrümün ayrılmaz parçası olub. Həyatımı bu alətlərin hazırlanmasına, eləcə də onların ifa sirlərini öyrənməyə həsr etmişəm” - bu sözlər Cəlilabad rayonunun Göytəpə şəhərində yaşayan 92 yaşlı tar ustası Həbulla Mehdiyevə aiddir. O, musiqi təhsili almasa da, illər boyu peşəkar muğam ustadlarını müşayiət edərək, bu sənətin ən dərin və sirli qatlarına bələd olmağı bacarıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Həbulla Mehdiyev təkcə saz və tarı məharətlə ifa etmir, həm də bu alətləri öz əlləri ilə hazırlayır. Uşaqlıq illərindən musiqiyə böyük maraq göstərən ustad, zamanla bu sahədə püxtələşərək bölgənin tanınan sənətkarlarından birinə çevrilib. Onun hazırladığı alətlər bu gün də özünəməxsus səs tembri və keyfiyyəti ilə seçilir.
Ömrünün 92-ci qışını yaşayan Həbulla kişi musiqisiz bir gününü belə təsəvvür etmir. Hər gün tarını kökləyib köhnə muğamları ifa etmək onun üçün həm həyat tərzi, həm də mənəvi rahatlıq mənbəyidir. Uzunömürlülüyünün sirrini musiqidən aldığı mənəvi qidada və sənət sevgisində görən ustadın sözlərinə görə, tarın sədaları illər boyu ruhunu bəsləyib, ona həyat eşqi verib.
Ustad tarçı deyir ki, musiqi insanı yaşadır, ruhunu cavan saxlayır və həyatın bütün çətinliklərini unutdurur: “Bu tar mənim üçün sadəcə cansız bir alət deyil, sanki bir varlıqdır. Onu əlimə alanda bütün ömrüm gözlərimin önündən keçir. Mən musiqini kitabdan yox, ustadların özündən öyrənmişəm. Muğam ürəkdən gəlməsə, o səslər ruhun dərinliklərinə nüfuz edə bilməz.
Bəzən gecələr yuxum qaçanda tarı götürüb səssizcə ifa edirəm. Elə bilirəm köhnə ustadlar yanımdadır, məni dinləyirlər. İnsan yaşlandıqca əlləri yorulsa da, ürəyi yorulmur. Ürək istəyəndə barmaqlar da öz yolunu tapır”.
Həbulla Mehdiyev ömrü boyu böyük sənətkarlarla çiyin-çiyinə çalışıb. Sabir Mirzəyev, Abuzər Şövqətov, Ağadadaş Ağayev, Yusif Məmmədov, Sabir Əliyev kimi ustadlarla eyni səhnəni bölüşməyi özü üçün böyük məktəb hesab edir: “Mənim üçün ən böyük xoşbəxtlik bu irsin məndən sonra da yaşamasıdır. Bir tar hazırlayanda elə bilirəm övlad böyüdürəm. Musiqi olmasaydı, bəlkə də bu yaşa gəlib çatmazdım, dərdimi də, sevincimi də illərdir tarla bölüşürəm”.
Səhhətində yaranan problemlər səbəbindən son illər musiqiyə nadir hallarda vaxt ayıra bilsə də, ustad xahişimizlə uzun fasilədən sonra yenidən tarı sinəsinə basdı. Onun barmaqlarından süzülən o qısa və duyğulu ifa sanki 92 illik bir ömrün musiqiyə çevrilmiş mənzərəsi idi.