Müşfiqsevərlər Xızıda ölməz şairin xatirəsini anıblar
Xızı, 5 iyun, AZƏRTAC
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiqin doğum günü Xızıda qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 118 il əvvəl dünyaya göz açan nakam şairi anmağa gələnlər Mikayıl Müşfiqin Sayadlar kəndindəki xatirə muzeyinin qarşısındakı abidəsini ziyarət ediblər.
Tədbirə toplaşan şairlər, yazıçılar, elm və incəsənət xadimləri Mikayıl Müşfiqin həyat və yaradıcılığı haqqında danışıb, görkəmli poeziya ustasının ədəbiyyatımızda tutduğu mövqedən, lirikasının səciyyəvi cəhətlərindən söhbət açıblar.
Anım mərasimində Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyi üzrə baş məsləhətçisi Mönsüm Bağırov, Əməkdar Artisti Elza Seyidcahan, şair Nəcməddin Mürvətov və başqaları çıxış edərək M.Müşfiqin yaradıcılığının gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizə vətənpərvərlik hisslərinin aşılanmasında əvəzsiz xəzinə olduğunu vurğulayıblar.
Bildirilib ki, rəngarəng mövzuları əhatə edən Mikayıl Müşfiq poeziyası milli və bəşəri keyfiyyətlərə malikdir. Milli musiqi alətlərimizdən olan tarın konservatoriyada tədrisi qadağan ediləndə, şair cəsarətlə məşhur “Oxu, tar!” şeirini yazıb. Bu şeir hər bir azərbaycanlının qəlbini riqqətə gətirməyə, onu mübarizəyə ruhlandırmağa qadirdir. “Bayram axşamı” şeirində Novruz bayramına dair uşaqlıq xatirələrini danışmaqla müəllif, sovet rejiminin milli adət-ənənələrimizin yaddaşlardan silinməsinə yönəlmiş siyasətinə qarşı çıxıb.
Qeyd olunub ki, Müşfiqin ilk mətbu əsəri olan “Bu gün” şeiri 1926-cı ildə “Gənc işçi” qəzetində, “Duyğu yarpaqları” adlı son şeiri isə 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilib.
Mikayıl Müşfiq ədəbiyyat tariximizdə, hamımızın qəlbində 30 yaşlı çılğın, romantik xəyallar dünyasında qanadlanan bir gənc kimi qalacaq. Onun dillər əzbəri olan məhəbbət nəğmələrində xalq poeziyasına olan bağlılığı, əsl vətəndaş kimi Azərbaycanımızı böyük məhəbbətlə sevməsi açıq-aydın duyulur.
Müxbir – Elxan Yusifli