MƏDƏNİYYƏT
Musiqili Teatr Formula-1 yarışmasına hazırdır
Bakı, 25 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrı ölkəmizdə növbəti dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinə yüksək səviyyədə hazırlaşıb.
Teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev AZƏRTAC-a məlumat verib ki, bu münasibətlə paytaxta təşrif buyuran qonaqların mədəni istirahətlərinin lazımi səviyyədə təşkil edilməsi ilə bağlı bütün təşkilati məsələlər teatrın rəhbərliyi tərəfindən həll olunub.
“Musiqili Teatr Formula -1 həftəsində xüsusi repertuarla çıxış edəcək. Ölkəmizin bu mötəbər idman yarışmasına üçüncü dəfə ev sahibliyi etməsi məsuliyyətimizi artırır. Azərbaycan Dövlət Musiqili Teatrı sabahdan başlayaraq həftəsonuna qədər xüsusi repertuarla çıxış edəcək. Aprelin 26-da saat 19:00-da “Mənim günahım”, 27-də “Ər və arvad”, 28-29-da eyni saatlarda “Arşın mal alan” tamaşaları təqdim olunacaq. Qonaqlar səhnə əsərlərini ingilis dilində tərcümə sətirlər vasitəsilə izləyə biləcək”, - deyə sənət ocağının direktoru söyləyib.