Müslüm Maqomayevin xatirəsi Musiqi Mədəniyyəti Dövlət Muzeyində yad olunub
Bakı, 6 dekabr, AZƏRTAC
Dekabrın 6-da Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli estrada və opera müğənnisi, Xalq Artisti Müslüm Maqomayevin anadan olmasının 75 illiyinə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaqlar unudulmaz sənətkarın həyat və yaradıcılığına həsr edilmiş “Müslüm Maqomayev - 75” adlı fotosərgiyə baxıblar.
Sonra M.Maqomayevin ömür yolunu əks etdirən videoçarx nümayiş olunub.
Muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova görkəmli müğənninin həyat və yaradıcılığından, onun musiqimizin inkişafındakı xidmətlərindən söz açıb.
Qeyd edilib ki, dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ Xalq Artisti Müslüm Maqomayevin 75 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Bu möhtəşəm yubiley tədbiri də həmin Sərəncama əsasən təşkil edilib.
1942-ci ildə Bakıda anadan olan sənətkar ilk dəfə 14 yaşında səhnəyə çıxıb. 1962-ci ildə maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına yollanan Müslüm oradan medalla qayıdıb.
1963-cü ildə Moskvanın P.Çaykovski adına salonunda onun ilk solo konserti anşlaqla keçib. 1960-1970-ci illərdə M.Maqomayevin şöhrəti bütün dünyaya yayılıb, konsertləri ən aparıcı dünya stadionlarda təşkil olunub. Daim qastrol səfərlərində olan müğənninin mahnıları yazılmış vallar böyük tirajla buraxılıb.
Vurğulanıb ki, M.Maqomayevi sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu, kralı adlandırırdılar. Keçmiş SSRİ-də klassik ariyaları və mahnıları estradaya məhz M.Maqomayev gətirib. Təsadüfi deyil ki, o, 31 yaşında SSRİ Xalq Artisti adına layiq görülüb. Onun repertuarında 600-dək əsər var. Böyük müğənni həm də gözəl mahnılar müəllifidir. Xalq Şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan əzəmətli “Azərbaycan” mahnısı ölkəmizə ithaf edilmiş ən gözəl əsərlərdən biridir.
M.Maqomayevin milli musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri hər zaman yüksək qiymətləndirilib və o, müstəqil Azərbaycan Respublikasının ali mükafatları - “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib.
Muzeyin şöbə müdiri Xanım Abdinova sənətkarın yaradıcılığından, sənət fəaliyyətindən və insani keyfiyyətlərindən söz açıb.
Tədbir Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası tələbələrinin hazırladıqları konsert proqramı ilə davam edib.