Mütəxəssis: Hovuz və dəniz göz infeksiyası riskini artırır
Bakı, 13 iyun, AZƏRTAC
Yay aylarında hovuz və dənizlə birbaşa təmas gözlərdə infeksiya riskini artırır və bu xüsusilə daha çox uşaqlarda müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə danışan göz xəstəlikləri mütəxəssisi, professor Aylin Koç Akbay deyib: “Hovuzda və ya dənizdə çimərkən kontakt linzalardan istifadə etməyin. Gözünüzü kimyəvi maddələrdən qorumaq üçün üzgüçülük eynəkləri taxmaq tövsiyə olunur”.
Mütəxəssis hovuz sularının tərkibində olan kimyəvi maddələrin gözlərə ciddi ziyan vurduğunu deyib. Kontakt linzalardan istifadə edən və hər hansı bir göz əməliyyatı keçirən bir adamda infeksiyaya qarşı həssaslıq nisbətinin artdığını ifadə edən professor, “Düzgün təmizlənməyən və səhv kimyəvi maddə ilə dezinfeksiya olunan hovuzlarda infeksiya riski çox yüksəkdir. Eyni zamanda bu vəziyyət yoluxucudur. Yaranan infeksiya buynuz qişada çapıqlara və xoraların yaranmasına səbəb ola bilər. Bu hal gözdə infeksiyanın yayılmasını daha da sürətləndirir. Gözdə yaranan və vaxtında həkim müdaxiləsi olunmayan xora xəstədə görmə itkisinə səbəb olur”, - deyib.
İnfeksiya əlamətlərini sadalayan A.Q.Akbay, “İlk əlamətlər qızartı, qaşınma, şiddətli ağrı, işığa qarşı həssaslıq və yavaş-yavaş görmənin bulanmasıdır. Bulanıqlaşma adətən birtərəfli başlayır və nadir hallarda hər iki gözdə davam edir. Bu simptomları olanlar mütləq həkimə müraciət etməlidir".
Professorun fikrincə, mütəxəssisə müraciət edilmədən istifadə edilən bəzi dərmanlar buynuz qişaya daha ciddi ziyan vura bilər.
“Yay aylarında günəşdən qorunmaq üçün çəkilən kremlər, hovuzda və dənizdə çimmək infeksiyanın yayılma sürətini artırır. İnfeksiya baş verdikdən sonra onun müalicəsi çətinləşə bilər. İnfeksiya hallarından qorunmaq üçün keyfiyyətli üzgüçülük eynəkləri istifadə etmək vacibdir. Eyni zamanda günorta saatlarında günəşə mütləq gün eynəyi ilə çıxmalısınız”.